Mikayıl Cabbarov İlham Mustafayevlə vidalaşacaqmı?
Ali və orta ixtisas təhsili idarəsinin rəisi haqda müdhiş korrupsiya ittihamları
Yeni təhsil naziri Mikayıl Cabbarov vəzifəyə təyin olunandan bu günə kimi xeyli sayda adamı işdən çıxarıb. Bu, yeni nazirin kadr siyasəti kimi də təqdim olunur. Təxminən 10 gün əvvəl M.Cabbarov Təhsil Nazirliyinin maliyyə idarəsinin müdiri Şahrza Əliyevi tutduğu vəzifədən azad etdi. Düzdür, Ş.Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, işdən öz ərizəsi ilə çıxıb. Amma təzyiq olmasa kim tutduğu vəzifədən könüllü istefa verər. Xüsusilə də Azərbaycanda istefa mədəniyyəti hələ gəlişməyib... Xatırladaq ki, Ş.Əliyev qısa fasilələrlə az qala 20 ilə yaxın idi ki, bu vəzifədə idi.
Ümumiyyətlə, Azərbaycanda məmurların böyük əksəriyyətinin uzun müddət öz vəzifələrində qalmaları ənənə halını alıb. Nəinki nazirlər, nazir müavinləri, komitə sədrləri, hətta nazirliklərin və komitələrin idarə rəisləri, şöbə müdirləri də uzun müddət vəzifələrində qalırlar. Belə məmurlardan biri də Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili idarəsinin rəisi İlham Mustafayevdir. Deyilənə görə, İ.Mustafayev artıq 21 ildir ki, həmin vəzifəni tutur. Təhsil Nazirliyindəki mənbə redaksiyamıza bildirib ki, TN-in ən böyük strukturlarından olan bu idarənin rəisinin indiyədək təhsil haqqında demək olar ki, bir fikrini, bir ideyasını eşidən olmayıb. Mənbə bildirir: “Sadəcə o, başını aşağı salıb öz “işləri” ilə məşğuldur. İşdə ki, nə iş. Azərbaycan cəmiyyətində hamı texnikum və kolleclərdə olan dəhşətli korrupsiya faktlarından xəbərdardır”.
Mənbənin məlumatına görə bu tədris müəssisələrində yaranmış korrupsiya şəbəkəsinin başında duranlardan biri İlham Mustafayevdir. Mənbə bildirir ki, Bakı Sosial İqtisad Kollecinin rüşvət üstə həbs olunmuş direktoru Mübariz Mahmudovun himayəçisi məhz İlham Mustafayev olub. “Mübariz Mahmudovun direktorluğu 21 il sürüb” deyən mənbə bildirir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının M.Mahmudovun cibindən çıxardığı 6 min manata yaxın pulun direktorun cib xərci adlandırması təkcə bir texnikumdakı korrupsiyanın miqyasından xəbər verir.
Xəbər qaynağımız bildirir ki, hal-hazırda texnikum və kolleclərin direktorlarının tam əksəriyyəti 15-20 ildən çoxdur ki, eyni vəzifəni daşıyırlar. Bunların vəzifədə saxlanılmaları sessiya vaxtı topladıqları rüşvətin məbləği hesabınadır. Təhsilin bu pilləsində islahat işartısı belə aparılmayıb. Nazirlikdəki mənbəmiz bu sahədəki islahatı İlham Mustafayev və əksər direktorların vəzifələrindən azad olunmasında görür. Mənbə onu da bildirir ki, hər tədris ilində bu tədris müəssisələrindən yığılan rüşvətin həcmi 10 milyonu ötür.
Yazıda adları hallanan şəxslərin və yaxud onların nümayəndələrinin mövqelərini çap etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?