“Paytaxtın məktəb bazarında uşaqların sağlamlığı üçün ciddi təhlükə törədəcək dərs ləvazımatları satılır”.
Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
E.Hüseynov bildirib ki, məktəb bazarında apardıqları monitorinq zamanı acınacaqlı vəziyyətlə rastlaşıblar: “Bakı bazarlarında kimyəvi tullantılardan hazırlanmış dərs ləvazimatları satılır. Əsasən Çindən gətirilən əşyaların keyfiyyəti çox aşağıdır. Məsələn, dəftərlərə o qədər boya vurulub ki, adamın əlləri qara olur”.
Mütəxəssis qeyd edir ki, təhlükəli kimyəvi tullantılardan hazırlanan məktəb ləvazımatları, əsasən də dəftərlər, karandaşlar, boyalar, qələmlər uşaqlarda iflic, nitqin itməsi, hərəkət-dayaq sisteminin pozulması kimi təhlükəli xəstəliklərə səbəb ola bilər: “Uşağın orqanizmində toplanan ağır metallar ciddi xəstəliklər yarada bilər. Buna görə də valideynlər ehtiyatlı olmalıdır. Mal alan zaman sertifikat tələb etmək lazımdır. Keyfiyyətsiz mallar yalnız zərər gətirə bilər”.
E.Hüseynov Çindən gətirilən məktəbli formalarının da sağlamlıq üçün təhlükəli olduğunu söyləyib: “Bu geyimlər də kimyəvi tullantılardan hazırlanıb. Buna görə də adi üsulla - parçadan nümunə yandırmaqla keyfiyyəti yoxlamışıq. Yanan zaman xüsusi iy verən parça əriyib rezinə çevrilir. Belə geyimlər uşaqlarda dəri xəstəlikləri, hətta dəri xərçəngi yarada bilər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?