“Arzu edirəm ki, Nigar xanımı tezliklə azadlığa buraxsınlar”
Müğənni İzzət Bağırov Müsavat Məclisinin üzvü Nigar Yaqublunun həbsinə münasibət bildirib. Noyabrın 29-da “Media forum” saytına danışan İzzət Bağırov deyib: “Heç kim bilərəkdən qəza törətmir. Nigar bilərəkdən gedib insan öldürməyib. 50 ilin sürücüsü də qəza törədir. Nigar nə bilsin ki, getdiyi yerdə qarşısına “KAMAZ” çıxacaq? Mənim yaxın dostumun da başına belə bir hadisə gəlmişdi, o da avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdi və qəzada maşının sahibi dünyasını dəyişmişdi... Allah Nigar xanımın qapısını açsın. Düşünürəm ki, dövlət bu işə çox ciddi yanaşar. Dekabrın 5-də keçiriləcək prosesi gözləyək. Hər halda məhkəmə onun azad edilməsi haqda qərar çıxarar. Arzu edirəm ki, Nigar xanımı tezliklə azadlığa buraxsınlar”. Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib. Abşeron Rayon Məhkəməsi Nigar Yaqublunun mühakiməsini dekabrın 5-də davam etdirəcək. Prosesdə ittiham tərəfinin şahidləri dindiriləcək. Həbs qətimkan tədbirinin dəyişdirilməsi və gənc fəalın ev dustaqlığına buraxılması haqda vəsatətə də həmin gün baxılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?