Nəqliyyat nazirinin rusiyadakı biznesində AST Telmanın və azərbaycanlı avtoritetlərin adı hallandırılır
gundemxeber.az Son zamanlar azərbaycanlı iş adamlarının və oliqarxların Azərbaycandan kənarda biznes sahibi olmaları haqda məlumatlar artmaqdadır. Əsasən rusiyada, Şərqi Avropada və Türkiyədə bizneslə məşğul olan məmurların bununla həm də sərvətlərini ölkədən çıxarmaları barədə də xəbərlər dolaşır. Qeyd edək ki, bu tendensiya dünyanı iqtisadi inflyasiya bürüyəndən sonra daha da genişlənib. Bu günlərdə aldığımız yeni xəbər də bu səpkilidir. Bildirilir ki, hazırda Rusiyada ciddi biznesi olan məmurlardan biri də nəqliyyat naziri Ziya Məmmədovdur. Mənbənin sözlərinə görə, əsasən Soçidə daşınmaz əmlak biznesinə başlayan Z.Məmmədov artıq ciddi uğurlara imza da atıb. Villa həvəskarı olan Ziya Məmmədovun bu ənənəni Soçidə də davam etdirdiyi bildirilir. Soçinin müxtəlif bölgələrində ona məxsus 6 villanın olduğu deyilir. Bundan başqa, Ziya Məmmədov həm də orada salınan bir neçə yeni otelə də şərikdir. Xatırladaq ki, artıq bir neçə ildir ki, Soçidə olimpiya kompleksi salınır və onun dəyəri milyardlarla ölçülür. Bildirilir ki, əsasən tender yolu ilə tikinti işləri aparan şirkətlərin əksəriyyəti əcnəbilərindir. Onların sırasında Ziya Məmmədovun şəriki olduğu şirkət də var ki, onun da işi yol çəkilişi ilə bağlıdır. Qeyd olunur ki, bu şirkət son bir il ildə yol çəkilişindən 100 milyon manatdan çox gəlir əldə edib. Mənbənin sözlərinə görə, Rusiyada ciddi nüfuz sahibi olan Ziya Məmmədov bu layihələrə baş nazirin keçmiş birinci müavini Abbas Abbasov vasitəsilə qoşulub. Z.Məmmədovun Soçidəki biznesinə gəldikdə isə qeyd olunur ki, nəqliyyat nazirinə məxsus şirkət orada bir tərəfdən dövlət layihələrində tender yolu ilə iştirak edirsə, digər tərəfdən də özünün özəl tikintisi ilə məşğuldur və gələn ildən etibarən nəqliyyat nazirinə məxsus yeni istirahət kompleksi fəaliyyətə başlayacaq. Bunu da qeyd edək ki, Soçidə tək Ziya Məmmədovun yox, həmçinin digər dövlət məmurlarının, o cümlədən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də ciddi biznesinin olduğu söylənilir. Ziya Məmmədov kimi onların da əsasən tikinti və restoran biznesi ilə məşğul olduqları bildirilir. Ümumiyyətlə, azərbaycanlıların bu bölgəyə üz tutmasında Abbas Abbasov vasitəsi ilə «AST Telman» kimi tanınan Telman İsmayılovun da xüsusi rolu olub. Azərbaycanlı məmur-oliqarxların Soçinin kriminal dünyası ilə sıx ünsiyyətinin olduğu da vurğulanır. İddialara görə, zamanında bu işdə «Lotu Hikmət» kimi tanınan mərhum azərbaycanlı qanuni oğrunun da ciddi rolu olub. İndi isə oliqarxlarımızın biznesi Rusiya krminal aləmində al çıxarmış soydaşlarımız tərəfindən himayə olunur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?