Vaxtilə “Ceyrançöl” sovxozu kimi tanınan damazlıq qoyunçuluqla məşğul olan, minlərlə qoyun-quzu yetişdirən istehsal müəssisəsi bu gün “ağzı günə qalıb” Ölkədə özəlləşdirilməyən kənd təsərrüfatı sahələrindən biri də Ağstafa rayon Musa Mikayılov adına Dövlət Damazlıq İdarəsidir. Vaxtilə “Ceyrançöl” sovxozu kimi tanınan damazlıq qoyunçuluqla məşğul olan, minlərlə qoyun-quzu yetişdirən, dövlətə qoyulmuş plandan da artıq ət, süd və yun verən istehsal müəssisəsi bu gün “ağzı günə qalıb”. Çünki, Kənd Təsərrüfatı Nazirliyinin laqeydliyindən yaxşıca istifadə edən Ağstafa rayon rəhbərliyində bərk gedən bir neçə məmur vəzifəsinə güvənərək, damazlıq təsərrüfatına aid torpaq sahələrinin əlverişli hissələrini mənimsədilər, dəyəri hesaba gəlməz qəsəbənin inzibati və sosial binalarını dağıtdılar, material kimi satdırdılar. Hazırda qəsəbə tanınmaz ğörkəmdədir. Gecələr rayon DDKTİ ərazisində cəmi 3-4 binada işıq yanır ki, burada dövlət idarəsinin təsərrüfatında çalışan çobanlar yaşayır. Onlar da öz heyvanlarını saxlamaq dərdindən otlaq sahələri olmadığından düzlərə düşüb, idarənin direktoru Mansur Mansurov kimisinə çobanlıq edirlər. Bəli, çəkinmədən demək mümkündür ki, elə təsərrüfatı dağıdanlardan biri də elə Mansur olmuşdur. Mansur təsərrüfatın əvvəlki direktoru Rüstəm Quliyevin vaxtında anbardar işləyirdi. Qardaşı Meydanalı Mansurov Ağstafa rayon İH-də müavin işləyərkən Mansurun bu günü üçün sabiq direktoru “gözümçıxdıya” salan qardaş, qardaşı üçün şərait yaratdı. Eyni zamanda damazlıq təsərrüfatının yararlı torpaqlarını da ələ keçirdilər. Mansurovlar qardaşları saysız mal-heyvan sahibi olmaqla, hətta qəsəbədəki bir evi də sökdürərək materialından Ağstafada özləri üçün tikdirdiyi evə istifadə etdilər. Direktor olmamışdan əvvəl talançılıqla məşğul olan M.Mansurovdan indi nə gözləmək olardı ? Yenə də söküb-dağıtmaq, yenə də yalnız özünə işləmək... Doğurdan da, biz söylənilən biabırçılığın şahidi olmaq üçün təsərrüfata baş çəkəndə, qəsəbədə o vaxtlar fəaliyyət göstərmiş klub və məktəb binalarının 3-4 kub metr sağlam şam taxtalarının sökülmüş halda bir tərəfə qoyulması da diqqətimizi cəlb etdi. Məsələ ilə maraqlanarkən çobanlardan biri yaxınlaşaraq belə danışdı: “Açığı, sovxoz yaranandan mən ailəlikcə burada işləyirəm. Bu gördüyünuz yerdə nələr yox idi... Ölkəyə ən çox ət, süd və yun verən qoyunçuluq indi tamam dağılıb. Belə bir müəssisənin dağıdılmasında ən çox baiskar məhz elə Ağstafa rayonunda oturan indiki bir neçə rəhbərlər olub. Yataqların çoxu da onlarındır. Elə bir özləri sovxoza qəsd etdilər. Damına-daşına kimi sökdürdülər. Mansurov qardaşları da lap axırına çıxdılar. İndiki direktor Mansur isə Allahdan da çəkinmir. Elə bil qalanının da axırına çıxmaq üçün bu adamı bura qoyublar. Ayda 4 dəfə üzünü görər, ya görmərik. Buradakı problemlərimizlə də maraqlanmır. Azarı-dərdi dağıtmaqdır. Baxın, bu gördüyünüz, heç olmazsa qiyməti 600 manata yaxın taxtaları da o, sökdürüb. Rayondakı evində nəsə tikdirir. Ya da qardaşı Meydanalıya lazımdır. Bizə otartdığı şəxsi damazlıq heyvanlar bir yana, o gördüyünüz yataqlar da Meydanalının və Mansurundur. Damazlıq üçün dövlətin ayırdığı yemi, otu, dəni qardaşlar öz şəxsi heyvanlarına yedizdirirlər, dövlətinki isə acından qırılır. Mansur manatının da qədrini bildiyi halda, dövlət nə üçün belələrinə şərait yaradır? Bura hələ belə direktor gəlməyib.” Bizi düşündürən suallarla əlaqədar yerində tapılmayan direktora telefon açdıq, lakin cavab verən olmadı. Ağstafa icra hakimiyyətində belə məsələlərə birbaşa cavabdeh olan aqrar məsələlər üzrə müavin Ramiz İmanovla telefon söhbətimiz oldu.O isə bildirdi ki, “bu məsələ bizim yaralı yerimizdir. Ancaq mənə birbaşa aidiyyəti olsa da, mən də bacarmıram. Çünki, məni bu vəzifəyə Ağstafa rayon İHB-nın 1-ci müavini Ramiz Tatarov gətirib. Tapşırıqla oturub dururam. Oraya bu kişilər nəzarət edirlər. Oranın yağı da bunlarındır, əti, südü də. Qaldı ki, Mansurovlar Ağstafaya bəladırlar.” Elşad Məmmədov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?