Ağstafa rayonunun Səməd Vurğun qəsəbəsinə düşən yolun sol tərəfindəki nimdaş bina aidiyyəti orqanlardan başqa hamının yadından silinib. Bura Kənd Təsərrüfatı Nazirliyinin Ağstafa Yardımçı Təcrübə Təsərrüfatı adlanır. Təsərrüfat 49 ha əraziyə malikdir. Burada 13 nəfər işçi çalışır. Vüqar Rəhimovun rəhbərlik etdiyi təcrübə təsərrüfatı “təcrübəsiz”lər əlində qalıb. Belə ki, aidiyyəti sahədən kənarlaşan təcrübə təsərrüfatı direktor Rəhımovun şəxsi təsərrüfatı hesab olunur. Əslində Qazax və Ağstafa bölgələrinin şəraitinə uyğun kənd təsərrüfatı əhəmiyyətli bitkilərin yetişdirilməsində təcrübəçiliklə məşğul olacaq yardımçı təcrübə təsərrüfatında yoncadan başqa heç nə əkilmir. Elmi işçilər və laborantlar adi pensionerləri xatırladır. Yardımçı təsərrüfatın aqronomu Vaqif adlı şəxsin dediyinə görə “ Vüqar Rəhimov hər il buradan 35-40 min ədəd yonca bağlaması götürərək əhaliyə 3 manatdan açıq satış etməklə məşğuldur. Təsərrüfatın balansında olan texnikalar şəxsi təsərrüfatlarda icarə şəklində işlədilir. Bir neçə texnikanın əsas hissələri sökülüb satılaraq həmin texnikalar yararsız hala salınıb. Bu bir yana, 49 ha-ın bir neçə hektarı birisinə əkdirilərək əkən haqqını ala bilmədiyi üçün texnikanı girov götürüb”. Məsələ burasıdır ki, faciəli gülüş doğursa da təsərrüfatın direktoru Vüqar Rəhimov aqronomun dediklərini təsdiqlədi. Əlavə olaraq onu bildirdi ki, “kimdir təcrübə təsərrüfatını hesaba alan. Mənə bir kimsə də söz deyə bilməz. Bəli, hər il təsərrüfatdan əldə etdiyim 100 minə yaxın vəsaitin 80%-ni kənd təsərrüfatı nazirliyinə verirəm. Qalanını isə işçilər arsında bölüşürük”. Doğurdan da, maraqlı məsələdir. Əvvəla, ölkənin əksər rayonlarında olan, sovet dönəminin təsərrüfat yadigarlarından sayılan belə bir “ ölü ” idarənin yaşamsına nə ehtiyac var? Dövlətin həmin sahəyə ayırdığı vəsait boş yerə havaya sovrulmurmu? Direktor Vüqar Rəhimovdan onu da öyrənə bildik ki, payızda yonca biçini başa çatdıqdan sonra təsərrüfatın 49 hektarı yaza kimi nəğd pula fermerlərə otlaq sahəsi kimi paylanılır. Yəni direktorun cibi bütün fəsillərdə boş qalmır... Bunlar bizə aydındır. Yəni, Vüqar Rəhimovla təsərrüfatın aqronomunun dedikləri ot bağlaması kimi bir-birini bağladı. Bu gün “başından keçilmiş” bir idarədə şəxsi məqsədləri üçün çalışan Vüqar Rəhimov ildə 100 minə yaxın gəlir götürürsə, bəs nə üçün dövlətə vergi ödəmir? Yox əgər təcrübə təsərrüfatını şəxsi təsərrüfatı kimi istifadə edən bu insan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə şər-böhtan atırsa, niyə bu günə kimi cəzasız qalıb?
Sorğu
Yeni dizaynımız necədir?