Hakimiyyət yeni çevriliş tamaşası hazırlayır; "Bizim Yol” qəzetində axtarış aparıldı; Pərviz Həşimli həbs edildi; 98-ci il "Müxalifətin mitinq taktikası” yalanı yenidən işə salınır
Dünən "Bizim Yol” qəzetində axtarış aparılıb, qəzetin əməkdaşı Pərviz Həşimlini isə tutublar. Bu barədə musavat.com ilk yazılı məlumata jurnalist Sevinc Vaqifqızının facebook profilində rastlayıb. Onun yazdığı xəbərə rəy bildirənlər isə yazıb ki, qəzetin redaksiyasında MTN tərəfindən axtarış aparılır. Daha sonra xəbərlərin intensivliyi artıb və məlumat təsdiqlənib.
Musavat.com "Bizim Yol” qəzetinin redaksiyasına, baş redaktor Bahəddin Həziyevə və qəzetin digər əməkdaşlarına telefon açsa da, heç kimlə danışa bilməyib.
Həmin qəzetin müxbiri Natiq Cavadlı "Azadlıq" qəzetinə məlumatı təsdiqləyib, amma əlavə heç nə deməyib.
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli facebook-da məlumat paylaşıb ki, "Bizim Yol"un əməkdaşı Pərviz Həşimlinin Biləcəridəki evində də axtarış aparılır. Onun yazdığına görə, axtarışı aparanlar MTN əməkdaşlarıdır.
Virtualaz.org Mustafa Hacıbəylidən belə bir məlumat da alıb: "Bunu yaxınları zəng vurub dedi. Bizə çatan məlumata görə, onlar jurnalistin qohumlarını, yaxınlarını, qonşularını, hətta qardaşını da evə buraxmayıblar. Yaxınlarının dediyinə görə, evdə Pərviz Həşimlinin yalnız ailə üzvləridir. Pərvizin özünün həbs olunub-olunmadığı, ümumiyyətlə, onun harada olması barədə heç bir məlumat yoxdur. Onun telefonuna zəng çatır, amma dəstəyi qaldırmır. Böyük ehtimalla o, artıq saxlanılıb”.
Jurnalist Sevinc Vaqifqızı Vidadi Məmmədova istinadla ("Azadlıq" qəzeti) statusunda yazır ki, əməliyyatçılar Parviz Həşimlinin xanımını məcbur edirlər ki, evdən "...narkotika, silah tapılması barədə tərtib edilmiş protokola imza atsın. Ev mühasirədədir, İlahe Həşimova faktiki olaraq girov saxlanılır. Melumatı Pərvizin yaxınları verib".
Günün sonunda məlum oldu ki, Pərviz Həşimlinin evindən guya narkotik və silah tapıldığı haqda protokol tərtib olunub. Jurnalistin xanımı İlahə Həşimovanı protokola təsdiqləyici imza atdırmaq istəyirlər. Ev mühasirədə saxlanılır və jurnalistin qohumlarını evə buraxmayıblar.
Hadisə ilə bağlı ciddi bir məqamsa bundan ibarətdir ki, Pərviz Həşimli AXCP Ali Məclisinin üzvüdür. Bu isə yaradılmış şounun siyasiləşdiriləcəyini və hər şeyin əvvəldən planlaşdırıldığını düşünməyə əsas verir. Axtarışların həm də Pərviz bəyin çalışdığı "Bizim yol” qəzetinin redaksiyasında aparılması isə yalanlara ideoloji don gətiriləcəyi təxminlərin yaradır. Necə ki, 1998-ci ildə "Müxalifətin mitinq taktikası” yazısı ilə şou qurulmuşdu.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?