Təhsil naziri Mikayıl Cabbarov son aylar Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri və kadr islahatlarına aydınlıq gətirib. APA-nın xəbərinə görə, aparılan islahatların bir neçə səbəblərinin olduğunu deyən təhsil naziri Mikayıl Cabbarov vurğulayıb ki, hər bir struktur daimi optimallaşdırma barədə düşünməlidir. Onun sözlərinə görə, təhsil sistemi çox böyük sistem olsa və burada işləyənlərin sayı çox olsa da Təhsil Nazirliyində və aparatında işləyənlərin sayı elə də çox deyil. Nazir qeyd edib ki, bu da hər vakansiyanın, insanın və yeri dəyərləndirilməsini məcbur edir: “Aparılan islahatlar nəticəsində ali və orta ixtisas təhsili şöbəsi elm şöbəsi ilə birləşdirilərək vahid şöbə - elm, ali və orta ixtisas təhsili şöbəsini yaratmışıq. Təcrübə göstərir ki, elm, xüsusilə tətbiqi elm məhz ali təhsil sistemdə, universitetlərin nəzdində olarkən nəticələri də daha tez və mükəmməl şəkildə əldə edilir. Bundan başqa, bir neçə il bundan öncə Boloniya sisteminin tətbiqi ilə ali təhsil sahəsində islahatlara başlanılıb. Həmçinin, bu ildən ali məktəblərdə adambaşına tam maliyyələşmə prinsipi tətbiq olunur”.
M.Cabbarov qeyd edib ki, bütün bu islahatlar digər islahatların atılmasını labüd edir. Onun sözlərinə görə, bu gün Azərbaycan universitetləri regional, qlobal rəqabət üçün hazır olmalıdırlar: “Biz bir az uzağa baxmalıyıq. Digər sahələrdə olduğu kimi təhsildə də qloballaşma gedir. Dünyanın ən yaxşı universitetləri, coğrafiyadan asılı olmayaraq, ən yaxşı tələbələri cəlb etməyə çalışırlar. Bu da bizdən ali təhsil sisteminin mükəmməlləşdirilməsi, onun qlobal rəqabətə orta və uzun müddətli hazır olması üçün ali təhsil sistemini də optimallaşdırılmasını tələb edir. Çünki yalnız güclü ali təhsil sistemi və universitetlər vasitəsilə daha uzun müddətdə ölkənin təhsil bazarında istədiyimiz ən yüksək biliklərə, peşəkar kompetensiyalara malik, eyni zamanda Azərbaycan vətəndaşı fəlsəfəsini qəbul edən müasir insanların yetişməsinə nail olmaq olar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?