Oğluna haqsızlıq edilən atanın etirazı: “Bu saxtakarlıq nə dinimizə, nə müsəlmançılığımıza, nə də ki, dövlətçiliyimizə yaraşır, mən bir azərbaycanlı kimi bu saxtakarlığa görə xəcalət çəkirəm”
gundemxeber.az Füzuli rayon rayonundan olan məcburi köçkün Əliyev Telman Hacalı oğlu redaksiyamıza məktubla müraciət edib. Hazırda Abşeron rayonu Saray qəsəbəsi M. Qasımov küçəsi 16 –da yaşayan T. Əliyev oğlu Aslan Əliyevin qanunsuz həbsindən şikayətçidir. Telman Əliyev yazır ki, oğlu özünün KAMaz mrkalı maşını ilə 30 noyabr 2010-cu ildə Güzdək daş karxanasında yerləşən “Günay” firmasına məxsus mexaniki təmir sexinə yük gətirib. A. Əliyev yük gətirdikdən 20-25 dəqiqə sonra sexin damı uçub və nəticədə 2 nəfər beton piltələrin altında qalaraq dünyasını dəyişib. Hadisə ilə bağlı uzun sürən istintaq və məhkəmə araşdırmalarından sonra Aslan Əliyev həbs olunub və 7 il müddətinə azadlıqdan məhrum edilib. İlkin məhkəmə instansiyasının qərarından kassasiya şikayətləri də A. Əliyev haqda hökmü dəyişməyib. Telman Əliyev həm istintaq araşdırmalarında, həm də məhkəmə hökmündə oğluna qarşı haqsızlıq edildiyini deyir.
“Günay” firmasının qəzalı sexində faciə
Telman Əliyev öz məktubunda hadisəni ətraflı şəkildə təsvir edir: “2010-cu il noyabrın 30-da səhər saat 8-də oğlum KAMAZ 5511 markalı maşınla evdən çıxıb Güzdəkdə yerləşən Günay fırmasına məxsus Daş karxanasına gedib ki, həmin karxanadan kubik (mişar daşı) alıb aparıb satsın. Aslan daş karxanasına çatanda görüb ki, daş kəsən kombayn xarab olub, oğlumdan xahiş ediblər ki, xarab olmuş hissəni aparsın mexaniki təmir sexinə ki, həmin hissə təmir olunsun. Kombaynın ehtiyat hissəsini maşına qoyublar. Həmin karyerdə usta işləyən Babəklə “Gunay” fırmasına məxsus mexaniki təmir sexinə gəliblər ki, kombaynın ehtiyyat hissəsini qaynaq etdirsinlər. Maşını arxa-arxaya sexə sürüb. Maşının kuzovun qaldırıb ehtiyat hissəsin sexin içində yerə salıb. Bir az sonra sexin Etibar adlı qaynaqçısı gələrək keçib maşının arxa hissəsinə və başlayıb qaynaq işi görməyə. Oğlum isə hava küləkli və soyuq olduğundan maşının kabinasında oturub. Bundan sonra sexdə işləyən Rəhilə adlı qadın gəlib və oğlumla görüşüb qısa söbhətləşmədən sonra o da maşının arxa tərəfınə keçib, gedib qaynaqçı kişinin yanında dayanıb. Oğlum hiss edib ki, kuzaya nə isə tökülür. Kabinanın qapısını açıb arxaya baxıb. Görüb ki, sexin tavanından toz-torpaq tökülür. Hiss edib ki, sexin tavanı uçur tez maşını xodlayıb sexdən çıxmaq istəyir. Ancaq çatdıra bilməyib. Sexin qapısında maşının kabinası bir metr çölə çıxmış uçqun maşını haqlayıb. Sexin tavanına döşənmiş beton piltələr tökülüb maşının üstünə maşının kabinası o qədər yastılanıb ki, oğlum başını kabinadan çıxara bilmirmiş. Kabinada ayağı ilə sol qapını açıb, birtəhər çölə çıxıb. Gözləri toz-torpaqla dolubmuş, bir təhər sexdən aralanıb, gözlərini silib təmizləyib və sexə baxıb, heç kimi görməyib. Sonra orada işləyən başqa fəhlələr gəlib və məlum olub ki, qaynaqçı kişi və qadın sexin içində beton piltələrin altında qalıb ölüblər. Mənə hadisə yerindən zəng etdilər. Mən 20 dəqiqəyə hadisə yerində oldum. Mən həmin sexdə çox olmuşam. Həmin mexaniki təmir sexi çox təhlükəli qəzalı vəziyyətdə idi. Ümumiyyətlə həmin sexdə işləyənlər, həmin sexə təmir üçün ehtiyyat hissələri gətirənlər həmişə danışırdılar ki, bu sex haçansa uçacaq. Ancaq bununla belə həmin sexdə insanlar işləyir, maşınlar girib-çıxırdı.
Müstəntiqdən ekspertizaya “hörmət” təklifi
Telman Əliyev yazır ki, baş vermiş hadisəyə hüquq-mühafizə orqanlarının qeyri-obyektiv münasibəti elə ilk gündən başlayıb: “Mən hadisə yerinə çatandan sonra bir saatdan sonra hadisə yerinə Abşeron rayon prokurorluğunun müstəntiqi gəldi. Müstəntiq hadisə yerini ekspertlə nəzərdən keçirəndə mən onlara yaxınlaşdım və binanın qəzalı olmasını sübut edən halları onlara göstərməyə başladım. İlkin araşdırmada müstəntiq Xankişiyev Mehman məni qırağa çəkərək təklif edirdi ki, ekspertə hörmət etmək lazımdır ki, müsbət rəy yazsın. Mən razılaşmadım və onlara dedim ki, hadisə yerindən necə var elə də rəy yazsınlar. Ancaq müstəntiq məndən əl çəkmirdi, məni izdihamdan kənara çəkib deyirdi ki, ekspertə pul vermək lazımdır. Mən məcbur olub müstəntiqə sərt cavab verdim ki, məndən aralansın. Hadisə yerində rəy tərtib ediləndə, mən onlarla bir yerdə idim. Əvvəlcə istədilər ki, fərziyə ilə sübut eləsinlər ki, guya maşın sexin içində kuzovu qaldırıb, kuzovun qabaq dimdik hissəsi sexin tavanına dəyib. Sexin tavanı uçub. Mən onlarla mübahisə etdim və sübut etdim ki, sexin daxilində kuzov qaldırıldıqda kuzovla sexin tavanı arasında iki metr məsafə qalır. Müstəntiqlə ekspert gördülər ki, bu fərziyə getmir. Ona görə müstəntiq məni kabinetdən çıxartdı və mənim iştirakım olmadan rəy tərtib etdilər ki, guya maşın sexə daxil olub, yükü boşaldıb və kuzovun öz yerinə oturmasını gözləməyib, maşını qabağa sürüb. Kuzovun dimdik hissəsi sexin qapısının üstünə dəyib və sex uçub. Ekspertin bu rəyi də reallığa uyğun gəlmir. Birinci kuzovun endirilməsi 6-7 saniyə vaxt aparır. İkinci kuzovun dimdik hissəsinin üstündə ehtiyyat təkər və təkər diskisi var. Təkər kuzovun dimdiyinin üstündə sağ tərəfdə yerləşir. Kuzovdan 15 sm irəli çıxır. Ona görə zərbə birinci təkərdən olmalı idi və sex sağ tərəfdən uçmalı idi. Ancaq sex soldan uçub.”
Abşeron prokurorluğunda 10 min manatlıq rüşvət istəyi
Şikayətçinin məktubundan aydın olur ki, oğluna qarşı haqsızlıq ekpertiza rəyi ilə yekunlaşmayıb: “Müstəntiq məndən həmin gün hadisə yerindən maşını götürməyimi istədi. Mən isə dedim ki, bütün ekspertlər keçiriləndən sonra mənim iştirakımla sonra maşını hadisə yerindən götürəcəm. Maşın 17 gün qaldı hadisə yerində bizdən xəbərsiz bütün ekspertləri götürdülər. Özlərinə necə sərf edirsə, eləcə də saxta rəy tərtib ediblər. Müstəntiq Xankişiyev Mehman mənim oğlumu axşam saat 1800-da öz maşınına götürdü. Mən də oturmaq istədim, mənə icazə vermədi. Oğlumu Bakıya aparıblar, tibbi müayinədən keçiriblər. 30 noyabr 2010-cu ildə saat 1900-da həkim oğlumu üç dəfə yoxlayıb. Heç bir içki əlaməti olmadığın görüb. Oğlumdan soruşub ki, axrıncı dəfə nə vaxt içki qəbul etmisən. Oğlum deyib ki, 27.11.2010-cu ildə məndən kiçik qardaşımın ad günündə içki qəbul etmişəm. Hadisə isə 30.11.2010-cu ildə olub. Həkim deyib ki, onda sənə cuzi içki yazıram, 10 manat da pul verməlisən. oğlum həmin hadisə günü çox bərk qorxmuşdu. Heç demək olar ki, özündə deyildi. Ona görə ona nə deyirlərmiş razılaşırmış. Həkim deyənlərlə razılaşıb, on manat pul verib və tibbi müayinə aktında qol çəkib. (yəni yüngül sərxoşluq vəziyyətində olub) Oğlumla məni sabahı gün müstəntiq çağırdı. Abşeron rayon prokurorluğuna, oğlumdan izahat alındı. Bundan sonra təqsirləndirilən şəxs mənim oğlum olduğu halda müstəntiq ancaq məni çağırırdı, bütün söhbətlərin mənimlə aparırdı. Söhbətlərin hamısı bazarlıqdan gedirdi. Mənim oğlumu birinci AR CM-nin 124.2-ci maddəsi ilə ittiham etdi. Müstəntiq mənə dedi ki, bu maddə yüngül maddədir və mən çox humanist adamam. Damara baxıb qan alıram. Mənə 10.000 manat ver, get zərərçəkənlərlə barış, bu cinayət işi Abşeron rayon məhkəməsinə göndərək. Gedərsən məhkəmədə 7-8 min manat xərcin çıxar. Oğluma yüngül cəza verərlər. Mənim isə müstəntiqə cavabım qısa oldu. Mən ona dedim, mənim kimə isə verəcək pulum yoxdur və mənim oğlum heç kimi öldürməyib. Bu bir bədbaxt hadisədir.”
Rüşvət 20 minə qalxır
Cinayət işi üzrə 30.12.2010-cu il tarixdə Abşeron rayon prokurorluğun müstəntiqi Mehman Xankişiyev tərəfındən KAMAZ 5511 markalı 19 BE 183 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əliyev Aslan Telman oğlunun əməli AR CM-nin 124.2-ci maddəsindən həmin məcəllənin 263.3-cü maddəsinə tövsüf edilmiş, həmçinin guya əməllərində cinayət tərkibi olmadığı üçün Gunay MMC-nin vəzifəli şəxsləri barəsində cinayət təqidinə xitam verilərək cinayət işinin istintaqı aiddaytı üzrə Abşeron rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. 2011-ci ilin yanvar ayında müstəntiq ata və oğulu Abşeron rayon polis şöbəsinə dəvət edir. Burda polis kapitanı Əliyev Abdulla Zakir oğlu A. Əliyevdən izahat alır. Sonra mənə dedi ki, məni hadisə yerinə apar. Mən müstəntiqi hadisə yerinə apardım. Sonra müstəntiq Telman Əliyevə Daxili İşlər Nazirliyinə teleqrama vurmağı təklif edir: “Mənə dedi ki, teleqram vur və yaz ki,, əks tərəf külli miqdarda pul verib ki, məsuliyyəti mənim oğlumun üstünə qoysunlar. Mən həmin gün DİN-ə teleqrama vurdum. Sonradan mənə DİN-dən məlum oldu ki, müstəntiq zərərçəkmişlərə teleqrama vurdurub ki, DİN-ə mənim atamın qatili nə üçün azadlıqda gəzir. Müstəntiqin bu hərəkətlərindən sonra hiss etdim ki, bizi aldadır. Sonra müstəntiq Əliyev Abdulla məni polisə çağırdı. Mənə dedi ki, 20.000 pul ver gedib ekspertlərin rəyin dəyişdirim. Bir də ki, səndən bir ölünün pulunu istəyirəm. Nəyin müqabilində məndən pul istədiyini bilmədim, heç soruşmadım da, dedim ki, sənə verəcək pulum yoxdur.”
“Pul verməsəz oğlunuzu qandallayacam”
Polis şöbəsindəki söhbətdən sonra Aslan Əliyevin anası DİN-ə gedr və müstəntiq Abdulla Əliyevin onlardan 20.000 manat istədiyini bildiri. Bundan sonra müstəntiq “insafa gəlir” və ailəyə bildirir ki, 20.000 manata gücünüz çatmır, nəyə imkanınız var verin işi yüngülləşdirim. Əliyevlər ailəsi polisə verməyə pulları olmadığını dedikdə müstəntiq oğlanlarının qoluna qandal vuracağı ilə onları hədələyir və nəticədə dediyin edir. Müstəntiq Əliyev Abdulla Abşeron rayon prokurorluğu qarşısında 11 aprel 2011-ci ildə Aslan Əliyev barəsində həbs qətimkan tədbiri seçilməsi haqda vəsadət qaldırır. AmmaAbşeron rayon məhkəməsi Abşeron rayon prokuroru Azər Vahabzadə təqdimatı rədd edir. Ardınca isə 12 aprel 2011-ci ildə Abşeron rayon prokuroru Azər Vahabzadə tərəfındən Sumqayıt Apellyasiya məhkəməsinə protest verilir ki, Abşeron rayon məhkəməsinin qərarı ləğv edilsin və beləliklə Əliyev Aslan Telman oğlu barəsində 30 may 2011-ci il tarixə kimi həbs qətimkan tədbiri seçilir.
Oyuncaq məhkəmə və hökm
Məhkəmə prosesi 9 iyun 2011-ci il tarixdə Bakı Ağır cinayətlər məhkəməsində keçirilir. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə hazırlıq iclasında A. Əliyevə istəməklə işin geri qaytarılması üçün vəsadət verilsə də bu vəsadət təmin olunmur. Məhkəmədə şahidlər suallara hakimin köməkliyi ilə cavab verirlər. Məhkəmə zalında şahid deyir ki, sexin qapısını yük qaldıran kranla mən çıxarmışam. Ancaq hökmdə göstərilir ki, guya Aslan Əliyev qapının çərçivəsin vurub yerindən çıxardıb. Bütün şahidlər bir nəfərin öyrədilmiş sözləri ilə ifadə verirlər. Hamısı deyir ki, bizə Ədalət belə deyib. Beləcə oyuncaq məhkəmə Əhməd Quliyevin sədrliyi ilə Azərbaycan Respublikası adından hökm çıxararaq Əliyev Aslan Telman oğlunu AR CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilib 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edir. Bundan sonra hökmdən şikayət verilir. Sumqayıt Apellyasiya məhkəməsində zərər çəkənlər, ölən kişinin həyat yoldaşı və doğma oğlu, ölən qadının doğma qızı və yeznəsi Sumqayıt Apellyasiya məhkəməsində, notariusda təsdiq olunmuş ərizə verdilər ki, mənim oğlum Əliyev Aslan Telman oğlundan heç bir tələb və şikayətləri yoxdur. Ona həbslə bağlı cəza verilməsini istəmədilər. 7 ay Sumqayıt Apellyasiya məhkəməsində məhkəmə çəkişməsindən sonra oğlumun cəzasını 2 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirir. Ali Məhkəməyə Kasassiya şikayəti verilsə də o Sumqayıt Apellyasiya məhkəməsinini qərarın qüvvədə saxlayır.
Ata fəryadı
Bütün baş verən qanunsuzluqları təsvir edən Telman Əliyev məktubunun sonunda yazır: “ Bu cinayət işinin ilkin ibtidai istintaqı saxtalaşıb. Saxta ittiham aktı tərtib olunub. Bu saxtalığı üzə çıxarmaq üçün heç də peşəkar hüquqşünas, müstəntiq, təqdiqatçı və ekspert olmaq lazım deyil. Bu ittiham aktını 10-cu sinif şagirdi oxuca görəcək ki, hamısı saxtadır. Mən çox təəcüblənirəm ki, insanların talehi kimlərə tapşırılıb. Bu saxtakarlıq nə dinimizə, nə müsəlmançılığımıza, nə də ki, dövlətçiliyimizə yaraşır. Mən bir azərbaycanlı kimi bu saxtakarlığa görə xəcalət çəkirəm. Belə insanlar olarmı?” Şamil Əlibəyli
Sorğu
Yeni dizaynımız necədir?