Uzun müddətdir ki, danışma və eşitmə qabiliyyəti olmayan insanlar üçün surdotərcümə ilə xəbərlər verilmir. Fiziki qüsuru olan insanlar informasiya əldə etmək üçün öz yaxın adamlarının köməyinə arxalanırlar. Bir sözlə, hazırda əsl informasiya blokadasına düşən lal və karlar demək olar ki, dünyadan xəbərsiz qalıblar. Belə davam etsə, danışıq və eşitmə qabiliyyətindən məhrum olanlar hələ uzun müddət ölkədə və dünyada baş verənlərdən bixəbər olacaqlar.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvən Məhərrəmli də açıqlamalarının birində bu məsələnin yaxın günlərdə həllini tapacağını demişdi. Onun sözlərinə görə, bununla İctimai televiziya və AzTV məşğul olmalı idi. Milli Televiziya və Radio Şurasının sədrinin açıqlamasının üstündən xeyli vaxt keçsə də televiziyalarda xəbərlər hələ də surdotərcüməsiz verilir.
İctimai televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədli Modern.az-a bildirib ki, xəbərlərin surdotərcümə ilə yayımlanmağı seçkilərdən sonra gündəmə gələcək. “Hələ ki, bununla bağlı heç bir irəliləyiş yoxdur. Milli Televiziya və Radio Şurası bu məsələni qaldırmışdı. Elə o vaxtdan da məsələ açıq olaraq qalır. Surdotərcüməçi məsələsi fundamental məsələ olduğundan bununla bağlı müzakirə aparılmalı, qərar verilməli, texniki tərəfləri hazırlanmalıdır. Odur ki, surdotərcümə məsələsi seçkilərdən sonra müzakirə ediləcək”, – deyə İTV sözçüsü bildirib.
Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımlı isə bildirdi ki, xəbərlər proqramı dünya standartlarına uyğun olaraq subtitrlərlə verilir. “Odur ki, AzTV-nin xəbərlər proqramında surdotərcüməçi yoxdur”.
Sorğu
Yeni dizaynımız necədir?