Rusiya polisinin Moskvanın Biryulevo rayonunda 25 yaşlı rus gəncini öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovu həbs etmək üçün keçirdiyi əməliyyatın videosunun tam versiyası YouTube portalında yerləşdirilib. Əməliyyat qrupunu müşayiət edən videooperatorun çəkdiyi görüntülərdən məlum olur ki, SOBR xüsusi təyinatlı dəstəsinin üzvləri əvvəlcə Moskva ətrafındakı Kolomna şəhərində Orxan Zeynalovun oktyabrın 14-dən 15-nə keçən gecə qaldığı evə gediblər. Evin sahibi Məhərəmov familiyalı azərbaycanlıdır, ancaq o, Rusiya vətəndaşıdır. Kadrlardan görünür ki, xüsusi təyinatlıların gecə onların evində qalan Zeynalovu axtardığını biləndə ev sahibəsi qorxusundan ağlayır. Əməliyyat qrupunun rəhbəri qadını sakitləşdirməyə çalışır və bildirir ki, polisin onlara hansısa iradı yoxdur. Məhərrəmov əməliyyat qrupunun rəhbərinə bildirir ki, Orxan əvvəllər onun Moskvadakı “Pokrovka” meyvə-tərəvəz bazasındakı anbarında işləyib. Həmin gecə Orxanın Kolomnaya - onun evinə gəldiyini isə mühafizəçi xəbər verib. Məhərrəmov deyir ki, onun evinin mühafizəçisi olan özbək gecə yarısı Orxanın gəldiyini xəbər verib. Həmin vaxt ev sahibi onun axtarıldığını bilmirmiş. Səhər tezdən Məhərrəmov işə gedib, onun arvadı televizorda Orxanın fotosunu görəndə tez ərinə telefonla xəbər verib. Qadın deyir ki, çox keçmədən o, Orxanın evi tərk etdiyini görüb. Əməliyyat qrupu ev sahibləri ilə normal davranır, onlara qarşı kobudluğa yol vermir. Daha sonra Kolomna şəhər avtovağzalının yaxınlığındakı parkda Orxanın saxlanıldığını əks etdirən kadrlar nümayiş etdirilir. Əvvəlcə Orxan xüsusi təyinatlılar qarşısında özünü itirməməyə çalışır. Bildirir ki, günahkar deyil. Yayılan xəbərlərin əksinə olaraq onun saxlanılarkən müqavimət göstərdiyini təsdiqləyən kadr yoxdur. Daha sonra xüsusi təyinatlılardan biri Orxanı vurub yerə yıxır, digəri ona təpiklə zərbə endirir. Kadrlardan görünür ki, Orxanı Moskvaya, istintaq təcridxanasına çatdırmaq üçün iki vertolyotdan istifadə olunub. Əvvəlcə onu Moskvaya iri vertolyotla aparıblar, daha sonra Zeynalov daha kiçik polis vertolyotuna mindirilir. Təcridxanaya çatdırılmazdan əvvəl vertolyot yerə enir. Orxanın üst-başı yoxlanılır, təzədən vertolyota mindirilir və xüsusi təyinatlıların Zeynalov “maski-şousu” onun daxili işlər naziri Vladimir Kololtsevin hüzuruna gətirilməsi ilə sona çatır. Qeyd edək ki, Rusiya insan haqları müdafiəçiləri, vəkillər və ictimaiyyət nümayəndələri, bloggerlər bu şounu yersiz sayır və tənqid edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?