“Sadovod” tüstüləndi, bu tüstünün Moskvada miqrantlara qarşı yeni dalğa ilə əlaqəsi varmı?
Bu gün axşam saatlarında Moskvanın “Sadovod” bazarında yanğın olub.
Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, Moskva Dairəvi Avtomobil Yolunun 14-cü kilometrliyində yerləşən bazarda baş vermiş yanğın 100 kvadratmetrdən çox ərazini əhatə edib.
Xatırladaq ki, bazarın sahibləri Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimov və onun yəhudi ortağı, Qubadakı Qırmızı Qəsəbədən olan Zarah İliyevdir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva idarəsinin saytında yer alan rəsmi məlumatda deyilir ki, yan 18.15-də (Moskva vaxtı) başlayıb. Yanğının söndürülməsinə 14 yanğınsöndürən maşıbn və 64 nəfərlik şəxsi heyət cəlb edilib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.
“Sadovod” Moskvanın ən iri bazarlarından biridir. Telman İsmayılova aid “Çerkizovsk” bazarı bağlananda onun “sakinlərinin” çoxu “Sadovod”a köçüb. Bu ilin avqustunda Rusiya polisi bazarda kütləvi yoxlamalar keçirib minə yaxın miqrantı saxlamışdı.
Moskvada Azərbaycan vətəndaşı Orxan Zeynalovun törətdiyi qətldən və bu qətllə bağlı yaranmış kütləvi iğtişaşlardan sonra “Sadovod” bazarı da gündəmdədir. Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalniy hakimiyyəti bu bazarı da bağlamağa çağırıb. Navalnıy deyib ki, onun yaşadığı rayonda yerləşən bazar qeyri-leqal miqrantların cəmləşdiyi əsas nöqtələrdən biridir və cinayətkarlıq yuvasıdır.
Xatırladaq ki, Orxan Zeynalovun törətdiyi səs-küylü qətl onun işlədiyi “Pokrovka” topdansatış meyvə-tərəvəz bazasının bağlanması, miqrantlara qarşı kütləvi reydlər və həbslərlə nəticələnib. Rusiya polisi elan edib ki, hər həftə Moskva və Moskvaətrafı regionların bazarlarında reydlər keçirəcək. “Sadovod” və daha bir neçə bazar da yüksək risk qrupuna daxil edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva idarəsinin saytında Bakı vaxtı ilə saat 20.58-də yerləşdirilmiş xəbərdə deyilirdi ki, yanğınsöndürənlərin iki saat davam edən səylərindən sonra bazarda yanğın söndürülüb. Qatı tüstü yanğının söndürülməsini çətinləşdirib, buna baxmayaraq yanğınsöndürənlər saat 20.30-da yanğının yayılmasının qarşısını alaraq onu söndürə biliblər. Bazarda 70 kvadratmetrlik ticarət pavilyonu yanıb. Yanğının səbəbləri məlum deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?