Putinin dostunun işləri yaxşı getmir, polis və FTX ona və ortaqlarına məxsus ticarət mərkəzində silah və narkotik axtarır
Moskva polisi, Federal Miqrasiya Xidmətinin və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları azərbaycanlı iş adamı, Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu olmuş İlham Rəhimova və ortaqlarına məxsus ticarət mərkəzinə yenidən basqın edib. Bu gün səhər saatlarından etibarən “Moskva” ticarət mərkəzinin giriş-çıxışı bağlanıb. İçəridəkilərin hamısı yoxlanılır, bununla belə ticarəti dayandırmaq əmri verilməyib.
Hüquq-mühafizə orqanlarından bildirilir ki, ticarət mərkəzində qeyri-leqal miqrantlar, qanunsuz silah və narkotiklər, habelə saxta mallar axtarılır. Ticarəti dayandırmaq barədə əmr verilməsə də mağaza sahiblərinin əksəriyyəti mağazalarını bağlayıb. Bir neçə nəfər hasarı aşaraq ticarət mərkəzinin ərazisini tərk etməyə çalışıb. Lakin onları polis saxlayıb.
Xatırladaq ki, “Moskva” ticarət mərkəzinin sahibləri İlham Rəhimov və Quba rayonundakı Qırmızı Qəsəbədən olan yəhudi milyarderlər Qod Nisanovla Zarah İliyevdir. Ticarət mərkəzində ötən həftənin əvvəlində kütləvi reyd aparılmış və 1500-ə yaxın adam saxlanılmışdı.
Cəmi bir həftədən sonra ticarət mərkəzinə qarşı yeni reydin təşkil edilməsi məqsədyönlü siyasətdən, habelə İlham Rəhimovun işlərinin heç də yaxşı getmədiyindən xəbər verir.
“Moskva” ilə yanaşı İ.Rəhimova məxsus digər iri ticarət mərkəzində - “Sadovod” bazarında da tez-tez reydlər keçirilir. İ.Rəhimov və ortaqları “Sadovod” və “Moskva” ilə yanaşı Moskvada daha bir neçə ticarət mərkəzinə, o cümlədən “Yevropeyskiy” ticarət mərkəzinə nəzarət edir.
Ötən həftə “Moskva” ticarət mərkəzində keçirilən reydlər zamanı qanunsuz bank fəaliyyəti və qara pulların yuyulması ilə məşğul oan mütəşəkkil dəstənin bir neçə üzvü də saxlanılmışdı. Bu gün Rusiya hüquq-mühafizə orqanları bildirib ki, həmin şəxslər Moskvanın iri topdansatış ticarət mərkəzlərində fəaliyyət göstərən, qanunsuz bank əməliyyatları həyata keçirən və terrorçuları maliyyələşdirən şəbəkənin üzvləri olublar. Şəbəkənin aylıq dövriyyəsi 1,5 milyard rubl olub, onun üzvləri Azərbaycan, Tacikistan, Özbəkistan, Gürcüstan və Rusiya vətəndaşlarından ibarət olub. Şəbəkənin “Hizbut təhrir” qruplaşmasını maliyyələşdirdiyi iddia olunur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?