Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırması haqqında imzaladığı sərəncamla oktyabrın 22-dək Hesablama Palatasının sədri vəzifəsini tutan Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olundu. Nəticədə Hesablama Palatasının sədri vəzifəsi boşaldı. Bu arada Hesablama Palatasının sədri vəzifəsinə kimin təyin olunacağı böyük maraq doğurur.
Hökumətdəki mənbələrdən Modern.az saytına məlum olub ki, Hesablama Palatasının sədri vəzifəsinə kimin seçiləcəyi məsələsi artıq həll olunub.
Bu posta bir neçə nəfərin namizədliyi müzakirə olunsa da, sonda iki nəfərin üzərində dayanıblar - bunlar hazırda hazırda Hesablama Palatası Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri Vüqar Gülməmmədov bə maliyyə nazirinin birinci müavini vəzifəsində çalışan İlqar Fətizadədir.
Modern.az-a verilən ən son məlumata görə, Vüqar Gülməmmədovun Hesablama Palatasının sədri olmaq şansı daha realdır.
Məsələnin Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacağı, sabah isə parlamentin plenar iclasına çıxarılacağı bildirilir.
Hesablama Palatasının sədri postuna namizəd Vüqar Tapdıq oğlu Gülməmmədov 1971-ci il aprel ayının 3-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib. 1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib. 1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb. 1997-2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə şöbəsinin (idarəsinin) müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi olub. 2007-ci ildən Azərbaycan Respublikası Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ailəlidir. İki övladı var.
İlqar Fəti oğlu Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olub. Ali təhsiilidir. 1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirib. 1978 - 1980-ci illərdə hərbi xidmətdə olub. 1980 - 1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrndə işləyib. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət orqanlarının maliyyələşdirilməsi idarəsinin rəisi vəzifəsinə təyin olunub. 1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub. 1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir. Ailəlidir. Bir övladı var.
Xatırladaq ki, Hesablama Palatası qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Hesablama Palatası səlahiyyət müddəti 7 il müəyyən edilmiş sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Hesablama Palatasının üzvlərinə dair tələblər, onların təyin olunma qaydaları Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 44-cü maddəsi və “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Qanunun 10-cu maddəsi ilə müəyyənləşdirilir.
Hesablama Palatasının sədri, sədr müavini və auditorları Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunurlar. Palata üzvləri vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə namizədliklərinə Milli Məclisin İqtisadi siyasət daimi komissiyası baxır və onların barəsində rəy verir. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama Palatasının üzvləri dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində iş təcrübəsinə malik olan ali təhsilli şəxslər olmalıdır.
Beləliklə, Hesablama Palatasısədrinin və üzvlərinin seçilməsi və təyin edilməsi qanunvericilikdə Milli Məclisinin səlahiyyətlərinə aid edilib.
Xatırladaq ki, Heydər Əsədovdan öncə Hesablama Palatasının 1 rəhbəri olub – Namiq Nəsrullayev.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?