Salyanlı iş adamı Qurban Abbasov oğlunun paytaxtda baş tutan səs-küylü toy mərasimi ilə bağlı danışıb.
“Qafqazinfo”ya açıqlamasında iş adamı “Gelandewagen” “kortej”i ilə müşayiət olunan mərasiminin oğlu İlkinin dostları tərəfindən təşkil olunduğunu bildirib. Toy karvanının sabiq müdafiə naziri Səfər Əbiyevin oğluna məxsus olması ilə bağlı mətbuatda gedən xəbərlərdən narazı qalan iş adamı “kortej”dəki avtomobillərdən heç birinin onun ailəsinə məxsus olmadığını bildirib: “Mən məmur deyiləm, adi iş adamıyam. Oğlumun toyuna Amerikadan, Afrikadan müğənnilər gətirməmişəm. Sizə həmin toyun videosunu da təqdim edə bilərəm. Görərsiniz ki, toyda iştirak edən insanların 80 faizi kənd adamlarıdır. Mən 24 saatın cəmi 3-4 saatını yatan, əli qabarlı insanam. Məni tanıyan hər kəs bilir ki, o çəkilişlərin olmasını istəmirdim. Toy karvanında iştirak edənlər oğlumun dostlarıdır. Onlara necə deyə bilərdi ki, gəlməyin toya?
Mənim evimə haram pul gəlmir. Əgər əlimə iynə ucu boyda haram pul gəlsə, hamısını yandıraram. Özüm Hacı adamam, əlim dəyən qara daş haqqı, oğlumun cəmi 7 minlik “Mersedes”i var. Ümumiyyətlə, o kortejdə mənim ailə üzvlərimdən heç kim yoxdur. Həmin avtomobillərin nömrələri görünür, araşdırma aparıla bilər. Oğlum tərbiyəli, savadlı oğlandır. Öyrənə bilərsiz, kimsə onu hansısa bir bahalı restoranda görüb?
Məni hər kəs Salyanda “yetimlər atası” kimi tanıyır. Salyanda Kür daşqınları olanda yeganə texnika bizdə idi, biz Kürün bəlasından xalqı qurtarmışıq. Onu yazanları Allaha tapşırıram. Milləti düşündürən şeylər yazsınlar, əvvəl dəqiqləşdirmək lazım idi ki, bu toyun sahibi kimdir. Mən o xəbərləri oxuyandan sonra sındım, çox pis təsir etdi mənə”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?