Gələcəyin həkimləri təcrübə keçdikləri М.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasındakı şəraitsizlikdən əziyyət çəkirlər; tələbələr ATU-nun Tədris-Cərrahiyyə Klinikasına buraxılmır
Tibb Universitetində təhsil alan tələbləri bu həftə etiraz aksiyası keçirməyi planlaşdırırlar. Tələbələrdən “Yeni Müsavat” a verilən məlumata görə, onlar digər universitetlər kimi şifahi imtahanla bağlı yox, təcrübə keçdikləri М.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasındakı sinif otaqlarının bərbad gündə olması ilə bağlı etiraz edəcəklər. Tələbələr iddia edirlər ki, onları hələ də sentyabrda ölkə başçısının iştirakı ilə açılışı olan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına buraxmırlar. Onlar təcrübə keçməli olduqları yeni klinikanın muzey kimi qorunduğunu söyləyirlər.
Maqsud İbrahimov adı tələb deyir ki, Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası bu ilində sentyabrda açılıb. Açılış mərasimində universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib: “Yeni klinikanın imkanları çox yüksəkdir. Biz tələb edirik ki, təcrübə-məşğələlərimiz burada keçirilsin. Klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir. İl ərzində 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə tədrisi ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olur. Klinikada xüsusi cihazlar və simulyasiya aparatları ilə təchiz olunmuş tədris mərkəzi yaradılıb. Dövlətimizin pul ayıraraq tikdiyi klinikanı rektorumuz muzeyə çevirib. Yəni, həftədə bir dəfə gedib oranı gəzirik. Sadəcə gəzirik. Təcrübə üçün Yeni Kürdəxanı qəsəbəsindəki М.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasına gedirik. Bizi universitetimizin qonşuluğunda yerləşən və müasir tələbələrə cavab verən yeni klinikaya göndərmək əvəzinə, Yeni Kürdəxanı qəsəbəsində yerləşən və olduqca bərbad vəziyyətdə olan klinikaya göndərirlər. Sinif otaqlarımız acınacaqlı vəziyyətdədir. Heç bir şəraitimiz yoxdur. Gedib bir-iki saat sinifdə oturub, gəlirik. Yol uzaq olduğundan çox vaxt müəllimlərimiz də dərsə gəlmir. Bu barədə bir neçə dəfə yığışıb universitetin rektoruna yazılı müraciət etmişik. Amma, nə cavab almışıq, nədə ki, problemin həll istiqamətində hər hansı bir iş görülüb”.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov mətbuata açıqlamasında bildirmişdi ki, ATU-nun öz klinikalarının tikilib istifadəyə verilməsi yüksək ixtisaslı həkim hazırlığında əsaslı dönüşə zəmin yaradıb: “Bu sahədə də dövlətimizin başçısı İlham Əliyev öz köməyini əsirgəmədi və bizə dəstək oldu. Biz tələbatı nəzərə alaraq bir sıra ixtisaslar üzrə mütəxəssislər dəvət etdik ki, tələbələr fərdi qaydada xarici ölkələrə getməsinlər, sanballı mütəxəssislər elə burada onlarla məşğul olsunlar. Məqsədimiz tibbi təhsildə daha uğurlu müvəfəqiyyətlər əldə etmək və gələcəyin həkimlərinin elmi səviyyəsini daha da artırmaqdır. Bu proqram üzrə dəvət olunmuş mütəxəssislər Azərbaycan Tibb Universitetinin tələbələri, rezidentləri və həkimləri ilə mühazirələr aparırlar. Mühazirələr terapiya-qastroenterologiya, qastro-kolonoskopiya, hepatologiya, kardiologiya-ümumi kardiologiya, ürək çatışmazlığı və aritmologiya, ümumi pediatriya və pediatrik ultrasəs müayinəsi, yeni doğulmuş uşaqların anadangəlmə ürək qüsurlarının terapevtik və operativ müalicəsi, ginekologiya-operativ laparoskopiya (histerektomiya) və uroginekologiya, diaqnostik radiologiya-mamoqrafiya kimi sahələr üzrə olacaq. Bütün bu mütəxcəssislər 6 ay-1 il ərzində burada qalacaqlar”.
Məsələ ilə bağlı Tibb Universitetinə zəng vurub, münasibət öyrənməyə çalışsaq da, heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?