“Müvəkkilimizi Bakı İstintaq Təcridxanasına köçürülməsini təmin edin” “Pərviz Həşimli Prezident Adminstrasiyasının Hüquq şöbəsinin müdiri Fuad Ələsgərova və baş prokuror Zakir Qaralova müraciət edib” – bu haqda “Yeni Müsavat”a “Bizim Yol” qəzetinin əməkdaşı, hüquq müdafiəçisi P.Həşimlinin vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, müvəkkili MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir: “Hazırda saxlandığı istintaq təcridxanasında ona ailəsi ilə əlaqə saxlamağa icazə vermirlər. Bakı İstintaq Təcridxanasında isə həftədə 2 dəfə 15 dəqiqə olmaqla telefon danışığına icazə verilir. Hazırda Pərviz Həşimlini təkadamlıq kamerada saxlayırlar, ailə üzvləri ilə görüşünə icazə vermirlər. O, evinə basqın zamanı qorxan qızından çox narahatdır. Biz vəkillər yanına getməsək orada kimləsə danışmaq imkanı olmur, bir insanın üzünü belə görə bilmir. Bu da psixoloji durumunu ağırlaşdırır. Bakı İstintaq Təcridxanasında isə 1 kamerada 5-6 şəxs olur. Digər tərəfdən də onun MTN-də saxlanılması qanuni deyil, Bakı İstintaq Təcridxanasına köçürülməsi həm də qanunun tələbidir”. Vəkil deyir ki, artıq məsələ ilə bağlı hüquq mühafizə orqanlarının rəhbərlərinə, ölkə prezidentinə müraciət olunub: “Ümid edirik ki, müdafiə tərəfinin müraciəti nəticəsiz qalmayacaq”. B.Bayramovun sözlərinə görə jurnalist saxlanma şəraitindən, istintaqın ləng aparılmasından da şikayətlənir: “Pərviz saxlanılan kameraya yenə baxış keçirilib və onun qeydləri diqqətlə yoxlanılıb. Jurnalist onunla hərbi əsir kimi davranılmasına etiraz edir. O, təcridxanadan prezident İlham Əliyevə səslənərək hüquqlarının pozulduğunu vurğulayır və ailə üzvləri, körpə qızı ilə əlaqə saxlamağa imkan verilmədiyindən şikayətlənir. Prezidentdən xahiş edir ki, onun ailə üzvləri ilə görüşməsinə imkan yaradılması barədə göstəriş versin”. Vəkildən P.Həşimlinin ombudsman Elmira Süleymanovaya müraciətinə hələ də cavab verilmədiyini söylədi: “Pərviz Həşimli ombudsmandan xahiş etmişdi ki, şəxsən ona baş çəkib şikayətlərini dinləsin, saxlanma şəraiti ilə tanış olsun. Lakin ombudsman bu müraciətə cavab belə verməyib. Gözləyirik”. Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb.
Sorğu
Yeni dizaynımız necədir?