“Azərbaycanlı azyaşlı qızların Gürcüstanın Batumi şəhərində və Qara dəniz sahillərindəki kazino və otellərdə fahişəliyə məcbur edilməsi ilə bağlı faktlar qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb”.
Bunu virtualaz.org saytına açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib.
Hüquq müdafiəçisi bildirdi ki, Gürcüstanın insan alveri ilə mübarizə aparan dövlət qurumunda faktla bağlı araşdırmalara başlanılıb: “Bizə verilən məlumatda deyilir ki, bir neçə gün öncə otel və kazinolarda reydlər aparılıb və kütləvi həbslər olub. Xeyli azyaşlı azərbaycanlı fahişə saxlanılıb. Hazırda qurum həmin qadınların insan alveri qurbanı olub-olmadığını müəyyənləşdirməyə çalışır”
M.Əzizova Gürcüstandakı reydlərdən narahat olan yüngül əxlaqlı azərbaycanlı qadınların bu yoxlamalardan qorxaraq tez-tələsik Türkiyə ərazisinə keçdiyini söylədi: “Onların sayı onlarla da deyil, yüzlərlədir. Bizim təşkilat Gürcüstanın yerli QHT-ləri ilə bu mövzuda mütəmadi danışıqlar, fikir və məlumat mübadiləsi aparır. Gürcüsatnlı hüquq müdafiəçiləri fahişəliklə məşğul olan azyaşlı azərbaycanlı, habelə özbək qızlarının Türkiyə ərazisinə getdiklərini təsdiqləyirlər. Səbəb reydlər və həbslərdir”.
M.Əzizova onu da əlavə etdi ki, Gürcüstanın qadın hüquqlarını müdafiə edən təşkilatları da faktla bağlı araşdırmalar aparır.
Qeyd edək ki, bu faktla bağlı ilk dəfə olaraq virtualaz.org saytında məlumat verilmişdi. Mətanət Əzizova sayta açıqlamasında bildirmişdi ki, Gürcüstanın turizm məkanlarında seks ticarətinin qurbanları arasında aparılan statistikada azyaşlı azərbaycanlı qadınlar birinci yerdə olub: “Halbuki ötənilki məlumatlarda Özbəkistandan gətirilən qadınların sayı çox olmuşdu. Ən pisi də odur ki, qonşu ölkədə fahişəliklə məşğul olan Azərbaycan vətəndaşları arasında azyaşlılar üstünlük təşkil edir”.
Təşkilat rəhbəri qeyd etmişdi ki, azyaşlı azərbaycanlı qadınlar Gürcüstan ərazisinə turist kimi girirlər: “Gürcü həmkarlarımızın təqdim etdiyi materiallardan bəlli olur ki, azərbaycanlı qadınlar orada hətta qul kimi satılırlar. Onlar sıraya düzülür, bəyəniləndən sonra danışıqlar başlayır. Gürcü hüquq müdafiəçiləri bunu da xüsusi vurğulayır ki, əcnəbi turistlər daha çox azərbaycanlı və özbək qızlarını sifariş verirlər”.
Hüquq müdafiəçisi deyir ki, gürcü hüquq müdafiəçiləri azyaşlıların fahişəliyə cəlb edilməsi faktlarına qarşı rəsmi tədbir görülməməsindən şikayətləniblər: “Turizm məkanlarında fahişəliyə göz yumulur. Buna görə də hər iki ölkənin hüquq müdafiəçiləri insan alveri qurbanlarının müəyyənləşdirilməsi üçün birgə fəaliyyətə başlayacaqlar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?