“Türkiyədə iş axtarmağa gedən qadınlarımız işə düzəltmə firmaları tərəfindən aldadılırlar. Azərbaycanlı qadınların əməyi istismar olunur. Orada əsasən kənd təsərrüfatı sahəsində çalışdırılan qadınlar bəzən gündəlik çörək almağa da pul tapmırlar”.
Bunu açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib.
Hüquq müdafiəçisi bildirdi ki, rəhbərlik etdiyi təşkilat türkiyəli həmkarları ilə birgə monitorinqlərə başlayıb: “Təşkilatımıza daxil olan məlumatda deyilir ki, iş üçün Türkiyəyə üz tutan azərbaycanlı qadınların sənədləri əlindən alınır, onlar ən ağır işlərdə işlədilirlər. Türkiyənin ucqar bölgələrinə göndərilən soydaşlarımız əsasən kənd təsərrüfatı sahəsində işləyirlər. Qadınlara görülən işlərin müqabilində əməkhaqqı ödənilmir, bəziləri hətta gündəlik yeməklə də təmin edilmirlər”.
M.Əzizovanın sözlərinə görə, Qadın Krizis Mərkəzinin mütəxəssisləri Türkiyədə bir neçə işə düzəltmə firmasında olublar: “Türkiyədə bir firmada olduq. Orada dedilər ki, 20-dən çox azərbaycanlı qadını dayəliyə və təmizlik işlərinə cəlb ediblər. Mən o qadınların sənədini təsadüfən gördüm. Qadınların sənədlərinin nədən özlərindən alınaraq ofisdə saxlanıldığını soruşdum. Dedilər ki, sənədlər guya müqavilə bağlamaq məqsədilə alınıb. Lakin təkcə biz deyil, türkiyəli həmkarlarımız da bunun yalan olduğunu düşünürlər. Ağır işlərdə çalışdırılan qadınlara cüzi əməkhaqqı ödənilir, bəzən isə aylarla pul verilmir”.
Hüquq müdafiəçisi söylədi ki, firmalar çox vaxt internetdə qadın axtarışına çıxırlar: “Təşkilatımıza ötən il bir müraciət daxil olmuşdu. Qadın internetdə bir nəfərlə tanış olub, o isə qadını işə dəvət edib. Türkiyəyə gedən həmyerlimiz ucqar kəndlərin birində üçüncü arvad kimi ərə verildiyini deyirdi. O, həyat yoldaşının birinci və ikinci nikahdan olan uşaqlarına qulluq edib, evin ağır işlərini görüb. Sonra qadın həmin ailənin əlindən birtəhər qurtularaq qaçıb Azərbaycana gəldi. Qabaqlar yaxşı işdə çalışan həmin qadın indi Bakıda yaşayır və Türkiyədə keçirdiyi ağır günlərinə görə it kimi peşmandır”.
M.Əzizova gündəlik tələbatını ödəyə bilməyən azərbaycanlı ailələrində azyaşlıların da durumunun ağır olduğunu qeyd etdi: “Azərbaycanlı azyaşlılar küçələrdə dilənçilik edirlər. Bəziləri ilə söhbətdə dolana bilmədiklərini, ailələrinə yardımçı olmaq üçün diləndiklərini deyirlər”.
M.Əzizova vurğuladı ki, aparılan araşdırmaların nəticələri ilə bağlı geniş açıqlama veriləcək.
Qeyd edək ki, dekabrın 3-də Türkiyə mətbuatında fahişəliklə məşğul olan qadınların polis tərəfindən saxlanıldığı, onların arasında azərbaycanlı və erməni qadınların da olduğuna dair məlumatlar yer alıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?