Maliyyə naziri sabah cavab verəcək... Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrin ikinci günü başlanıb. Modern.az saytı bildirir ki, çıxış edən müxalifətçi deputat İqbal Ağazadə büdcə paketini tənqid edib. Milət vəkili deyib ki, əhalinin 40 faizi kənd yerlərində yaşayır. Bu isə o deməkdir ki, Azərbaycan aqrar ölkədir.
“Amma ixrac məhsullarının 95 faizini neft məhsulları təşkil edir. Bu göstərici gələcək üçün heç bir ümid vəd etmir. İkinci bir tərəfdən ixrac əməliyyatlarında özəl sektorun payı 5,2 faiz təşkil edir. İxracın 94 faizi dövlətin payına düşür. Bu isə deməkdir ki, özəl sektorun inkiaşfı ürəkaçan deyil. Ölkədə azad iqtisadi münasibətlər seçilsə də, özəl sektor inkişaf etmir”-deyə deputat bildirib.
İ.Ağazadənin sözlərinə görə, idxal əməliyyatlarında özəl sektorın payı 74, dövlət sektorunun payı 26 faizdir. “Bu birbaşa ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı məsələdir. İstehlak səbətində əhalinin tələbatını nəzərə alan hökümət gərək ərzaq təhlükəsizliyi məsələsini düşünərdi”.
Deputat vurğulayıb ki, dövlət sektorunda çalışanların əmək haqqı aşağıdır. “Dövlət bölməsində çalışanların orta aylıq əmək haqqı 332, özəl bölmədə 496, qeyri-neft sektorunda 367, neft sektorunda 1413 manat təşkil edir. Bu onu göstərir ki, dövlət sektorunda çalışanların əmək haqqı olduqca aşağıdır”.
İ.Ağazadə həmçinin son günlər kommunal xidmətlərin bahalaşması ilə bağlı xəbərlərə aydınlıq gətirilməsini istəyib. “Qiymət artımına ehtiyac nədən artır, niyə kommunal xidmətlər bahalaşdırılmalıdır? Hökümət üzvlərindən rica edirəm buna aydınlıq gətirilsin. Bir kilovatt/saat elektrik enerjisinə xərclənən pulun miqdarı nə qədərdir ki, qiymət artırılır? Əhalinin maddi imkanları o dərəcədə deyil ki, qaz, su və digər sahələrdə qiymət artıqca, ödəniş edə bilsin. Şəhər yerində ola bilsin hiss olunmasın, amma kənd yerlərində və aztəminatlı ailələrdə bu, problemdir. Kommunal xərclərin artımı eyni zamanda ərzaq məhsullarının 70 faiz bahalaşmasına səbəb olacaq”-deyə deputat bildirib.
İ.Ağazadə hökuməti qiymət artımını gerçəkləşdirməməyə çağırıb.
Spiker Oqtay Əsədov İ.Ağazadənin çıxışına etiraz edib.
Spiker bildirib ki, kommunal xərclərin artırılması barədə məlumata rast gəlməyib.
“Belə anons göprməmişəm ki, qiymət artımı olacaq. Maliyyə nazirinin boynuna belə şey qoyma. Özün anons verib, özün də cavab verirsən. Maliyyə naziri sabah burada olacaq və bu suallara cavab verəcək”-deyə O.Əsədov bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?