Heydər Əliyev Sarayının arxasında yeraltı üçmərtəbəli avtomobil dayanacağı “Qaraj” özəl şirkətin istismarındadır.
“Turan”ın məlumatına görə, Bakıdakı bütün avtomobil dayanacaqları şəxsi mülkiyyətdədir. 4500 avtomobilin eyni zamanda park edilməsini nəzərdə tutan avtomobil dayanacağı isə özəl şirkətin icarəsinə verilib.
Şirkət özü park edilməsinin qiymətini müəyyən edir. Bakı Şəhər İcra Hakimiyyəti avtomobil dayanacağının icarədarının necə seçildiyini və müqavilənin hansı şərtlərlə imzalandığını açıqlamır. Dövlət büdcəsi hesabına tikilən dayanacağın məlum olmayan şərtlərlə özəl şirkətə verilməsi nə dərəcədə doğrudur?
İqtisadçı-ekspert Samir Əliyev bazar iqtisadiyyat prinsiplərindən birinin özəl sektorun inkişaf etdirilməsi olduğunu deyir. Amma Azərbaycanda özəl sektor da neftdən asılıdır: "Neftdən gələn vəsait tikintiyə və digər sahələrə yönəldilir. Yəni özəl sektor yalnız dövlətin yönəltdiyi pulu hesabına qurulur. Dövlət müəssisələri tikib verir özəl sektora. Bu da təhlükəli haldır. Çünki bu obyektlər büdcə hesabına deyil, özəl sektorun hesabına tikilməlidir. Dövlətin borcu isə bunun üçün şərait yaratmaq, güzəştlər tətbiq etmək və prosesi stimullaşdırmaqdır. Amma Azərbaycanda dövlət obyektləri tikib verir özəl sektorun istifadəsinə. Şəffaflıq tərəfinin yaratdığı şübhələrlə yanaşı bunun effektivliyi də sual altındadır. Bu daha çox büdcə vəsaitlərinin səmərəsiz xərclənməsidir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?