Hadisə şahidlərinin verdiyi məlumata görə, adının Anar olduğu bildirilən rayon sakini ov tüfəngi ilə atəş açaraq, bir nəfəri yaralayıb.
Hadisə noyabrın 14-də gecə saatlarında Quba şəhəri, Molla Pənah Vaqif küçəsində baş verib.
O, əvvəlcə öz həyətində, sonra küçəyə çıxaraq, yaşadığı evin qarşısından yolun əks tərəfində olan avtomobil emalatxanasına tərəf atəş açıb. Nəticədə emalatxanada çalışan avtomobil ustalarından biri yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, sərxoş vəziyyətdə olan Anarın “qəzəb”inin səbəbi məlum olmayıb. Açılan atəş emalatxananın divarına və orada təmir olunan avtomobillərə də ziyan vurub.
Anarın valideynlərinin ticarətlə məşğul olduğu və sələmə pul verdikləri deyilir.
Hadisəni nəql edən şahidlərin sözlərinə görə, güllə səsləri eşidiləndən bir neçə dəqiqə sonra əraziyə gələn Quba Rayon Polis Şöbəsinin əməkdaşları fakt araşdırıb, bu əməli törədən şəxs isə saxlanılıb.
Hadisə ilə bağlı ekspertiza da keçirilib.
Məsələ ilə bağlı əlaqə Quba RPŞ-dən faktı əvvəlcə təsdiqləsə də, sonradan təkzib olunub.
Rayon Polis şöbəsinin növbətçi hissəsindən əvvəlcə məsələnin istintaq altında olduğu bildirildi. Təhqiqatçının kimliyini müəyyənləşdirmək üçün bir müddətdən sonra zəng vurmağımızı istədilər. Növbəti zəngə cavab verən başqa bir polis – Niftəliyev soyadlı polis əməkdaşı hadisənin deyildiyi kimi olmadığını, məsələ ilə bağlı bizimlə əlaqə saxlayacaqlarını bildirib dəstəyi asdılar. Sonra isə RPŞ-lə məsələ ilə bağlı heş bir münasibət öyrənə bilmədik.
Mənbəmizin məlumatına görə, Anar hələ də polisdə saxlanılsa da, məsələnin həlli üçün razılaşma əldə olunduğundan, xəbər gizli saxlanılmağa çalışılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?