“Onun Valeh Bərşadlı və Qarabağla bağlı dediyi nağıldır”
“General Valeh Bərşadlının müdafiə naziri vəzifəsindən çıxarılmasında Azərbaycan Xalq Cəbhəsinin heç bir rolu olmayıb. Ayaz Mütəllibov nağıl danışır”. Bu sözləri Modern.az saytına açıqlamasında AXC-nin tanınmış simalarından və keçmiş Ali Sovetin deputatı olmuş Fərəc Quliyev eks-prezident Ayaz Mütəllibovun “virtual.az”a müsahibəsini şərh edərkən deyib.
Hazırda Milli Məclisin deputatı olan keçmiş cəbhəçi F.Quliyevin sözlərinə görə,
mərhum müdafiə naziri Valeh Bərşadlıya AXC tərəfindən böyük hörmət edilib.
“Valeh Bərşadlı o zaman partizan hərəkatı ilə bağlı bir platforma hazırlamışdı. Böyük ehtimalla onun işdən azad olunmasına səbəb o oldu. Ondan bir çox adamların xəbəri var idi”-deyə F.Quliyev vurğualyıb.
Deputat eks-prezidenti yalan danışmaqda ittiham edib: “O, kimə nağıl danışır?! Kim Bərşadlının qarşısını alıb?! Ayaz Mütəllibov hakimiyyəti qətiyyətlə ordu quruculuğunun əleyhinə çıxırdı. Ayaz Mütəlibovun mövqeyi yalnız Milli Qvardiya yaratmaq idi. Böyük müqavimətlə ordunun yaranmasına icazə vermirdilər”-deyən deputat o zamankı situasiyaya aydınlıq gətirib.
Ayaz Mütəllibovun “Qarabağ probleminə yaxın idim, mənə təzyiq göstərdilər” fikrinə gəlincə, keçmiş cəbhəçi bunu “absurd” adlandırıb.
“Xalq Cəbhəsinin təkcə Ağdam şöbəsinin 3000-ə qədər üzvü döyüşlərdə şəhid olub. Qoy Ayaz Mütəllibov desin görüm neçə nəfər tərəfdarı gedib şəhid olub?
Xalq Cəbhəsi hərəkatı bütün məsələləri ona zorla qəbul elətdirirdi. O, hakimiyyətdə qalmamalıydı. O adam Azərbaycanın milli maraqlarını satmışdı və Rusiyanın Azərbaycandakı marionet hakimiyyətinin başında dayanırdı”-deyə deputat sərt tənqid edib.
F.Quliyevin sözlərinə görə, o zaman xalq hərəkatı gedirdi və Azərbaycanın 99%-i hərəkatın içində idi. “Ayaz Mütəllibovun rolu antimilli bir rol id. Ayaz Mütəllibov rus ordusunun 20 yanvar qırğınında Bakıda at oynatmasına meydan açanlardan biri idi”.
Qeyd edək ki, eks-prezident Ayaz Mütəllibov 20 noyabr Qarakənd yaxınlığında həlak olmuş dövlət rəhbərlərinin xatirə günündə verdiyi müsahibədə bir sıra məqamlara toxunub, AXC-ni ittiham edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?