Cəzasızlığa Qarşı Beynəlxalq Gün - jurnalistlərə basqılar araşdırılmamış qalır “23 noyabr - Cəzasızlığa Qarşı Beynəlxalq Gün"də tanınmış publisist-yazar Rafiq Tağının öldürülməsindən 2 il keçir. MHİ uzun müddət ötməsinə rəğmən Azərbaycanda ifadə azadlığını təhdid edən bu dəhşətli cinayətin üstünün hələ də açılmamasını, jurnalistin qatillərinin azadlıqda olmasını, qatilləri axtaran qurumların fəaliyyətinin səmərəsizliyini kəskin qınayır. Bu barədə MHİ-dən musavat.com-a daxil olan press-relizdə qeyd olunur.
Bildirilir ki, ictimai müzakirələr açan kəskin yazıları ilə tanınan Rafiq Tağı 19 noyabr 2011-ci il tarixdə kimliyi bilinməyən şəxslər tərəfindən bıcaqlanmış, noyabrın 23-də müalicə xəstəxanada gözlənilmədən vəfat etmişdi. Qətllə bağlı 2011-ci ilin noyabrında qəsdən adam öldürməyə görə cinayət işi açılmış, hüquq mühafizə qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə xüsusi qrup yaradılmışdı. Qətldən 2 il ötsə də qatillər hələ də tapılmayıb. Qətl olayını araşdıran istintaq qrupu R.Tağının vəkillərinin çoxsaylı vəsadətlərinə baxmayıb, cəmiyyətə cinayət hadisəsinin səmərəli araşdırıldığını ifadə edən bilgilər verməyib, mərhum yazarın yaxınlarının, vəkillərinin, vətəndaş cəmiyyəti qurumlarının müraciətlərindən sonra bir neçə dəfə araşdırmaların davam etdiyini bildirməklə kifayətlənib. R.Tağının yaxınları, vəkilləri dəfələrlə istintaqın səmərəsizliyindən, araşdırmaların gedişi ilə bağlı onlara belə bilgi verilməməsindən narazılıqlarını bildiriblər.
MHİ Rafiq Tağının qətlinin üstünün açılmamasının jurnalistlərə qarşı basqıların araşdırılmaması ilə bağlı yeganə nümunə olmadığını böyük təəssüflə qeyd edir. MHİ son 10 ildə Azərbaycanda əsasən tənqidçi jurnalistlərin ən azı 400 dəfə fiziki, psixoloji basqılara, təhdidlərə məruz qaldığını yada salır: 2005-ci ildə hökumət nümayəndələrini kəskin qınayıcı yazıları ilə seçilən “Monitor” jurnalının baş yazarı Elmar Hüseynov öldürülüb. “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev oğurlanaraq ölümünə döyülüb. “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev oğurlanaraq ağır fiziki təzyiqlərə məruz qalıb. ”Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və qəzetin direktoru Azər Əhmədov ləyaqəti alçaldan davranışla üzləşiblər. “Azadlıq” qəzetinin əməkdaşları Fikrət Hüseynli, Aqil Xəlil aramsız təzyiqlər, sui-qəsdlər səbəbindən ölkəni tərk etmək zorunda qalıblar. Araşdırmaçı jurnalist Xədicə İsmayılova dəfələrlə hədələnib, jurnalistə aid şəxsi həyat məzmunlu bilgilər yayılıb. Tanınmış jurnalist İdrak Abbasov dəfələrlə yazılarına görə döyülüb, ölümlə təhdid olunub. “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov naməlum şəxslərin hücumu ilə üzləşərək ağır xəsarətlər alıb. Naxçıvan Muxtar Respublikasından tərəfsiz xəbərlər çatıdran jurnalistlər Məlahət Nəsibova; Elman Abbasov, Həkimeldostu Mehdiyev, Yafəz Həsənov dəfələrlə fiziki təzyiqlərə, hədələrə hədəf olublar. Sadalananlar tənqidçi jurnalistlərə qarşı yol verilən basqıların tam siyahısı deyil. Təəssüflər olsun ki, hökumət tənqidçilərin üzləşdiyi bu basqı olaylarının ədalətli araşdırılmasını, günahkarların cəzalandırılmasını təmin etməyib. Bir halda jurnalisti döyənlər məsuliyyətə cəlb edilib - hökumətin nəzarətində olan “Lider” telekanalının əməkdaşına qarşı 2003-cü ildə zorakılığa yol vermiş müxalifətçi Müsavat Partiyasının üzvü Mehdi Mehdiyev məhkəmə önünə çıxarılaraq 4 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalistlərə basqılarla bağlı digər araşdırmalar səmərəsiz olub.
MHİ vurğulayır ki, jurnalistlərin, yazarların bütün qətl hallarını, onlara qarşı yol verilən bütün növ basqıları təxirəsalmadan təhqiq etmək, günahkarların ən qısa zamanda ədalətli məhkəmə önünə çıxarılmasını təmin etmək hər bir hökumətin vəzifəsi, borcudur. Jurnalist qətllərinin, habelə digər basqı olaylarının effektiv araşdırılması zərurəti təkcə jurnalistlərin şəxsi hüquqları ilə bağlı deyil, bu həm də demokratiyanın ifadə azadlığına vazkeçilməz tələbatından irəli gəlir. Jurnalistlərə basqıların cəzasız qaldığı ölkələrdə demokratiyadan, hüququn aliliyi prinsiplərindən danışmaq çox yersizdir.
MHİ qeyd edir ki, jurnalist ölümlərinin, onlara qarşı digər çoxsaylı basqı hallarının səmərəli araşdırılmaması dərin ictimai təəssüf yaradır, basqı olaylarını səmərəli araşdırmalı olan hüquq mühafizə qurumlarının fəaliyyətilə bağlı ciddi narahatlıqlar doğurur. MHİ jurnalist qatillərinin, jurnalistlərə təzyiq edənlərin tapılıb cəzalandırılmamasının tənqidçi jurnalistlərin, ümumilikdə toplumun tənqidi düşünən kəsiminin gözünü qorxutmağa, onları cəmiyyətdə, hökumətdə baş verənlər barədə müzakirələr aparmaqdan, öz düşüncələrini açıq ifadə etməkdən çəkindirməyə xidmət etdiyini vurğulayır.
MHİ hökumətə müraciət edərək, jurnalistlərə qarşı basqılara yol verənlərin cəzasız qalması təcrübəsinə son qoyulmasını təmin etməyə, publisist-yazar Rafiq Tağının, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılaraq məsuliyyətə cəlb olunması yönündə səylərini təxirəsalmadan artırmağa, jurnalistlərə, mediaya qarşı bütün zorakılıq, təhdid, hədələmə, qanunsuz saxlama hallarını əsaslı şəkildə tədqiq edib günahkarları məsuliyyətə cəlb etməyə çağırır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?