Media Hüququ İnstitutu (MHİ) paylaşdığı məzmunlarla hökuməti, onun ayrı-ayrı fiqurlarının fəaliyyətini tənqid edən sosial şəbəkə fəalı Əbdül Əbilovun qurama narkotik maddə ittihamı ilə həbs olunmasını, 3 gündən artıq qanunsuz olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (DİN BMCMİ) saxlanmasını kəskin qınayır.
Facebook-dakı “Yaltaqlara dur deyək” səhifəsinin, digər tənqidi resursların idarəçilərindən olan Əbdül Əbilov noyabr ayının 22-də DİN BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunub. Nərimanov Məhkəməsi noyabrın 23-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçsə də, onu qanunsuz olaraq 3 gün DİN BMCMİ-də saxlayıblar. Ə.Əbilov noyabrın 27-də Bakı İstintaq Təcridxanasına köçürülüb.
Ə.Əbilovun yaxınlarının verdiyi bilgiyə görə, onu yaşadığı mənzildə həbs ediblər. DİN BMCMİ-nin mənzildə axtarış aparan əməkdaşları Ə.Əbilovun cibinə narkotik maddə “atıblar”. Axtarış aparanlar özləri də Ə.Əbilovun saxlanılmasının əslində onun facebook-dakı fəallığı ilə bağlı olduğunu ifadə ediblər, ona məxsus olan noutbook-u özləri ilə aparıblar. Ə.Əbilov DİN BMCMİ-yə aparıldıqdan sonra “Yaltaqlara dur deyək” səhifəsi də qapadılıb. Ə.Əbilovun təzyiqlərə məruz qaldığını deyən yaxınları narkotik maddə ittihamını rədd edir, onun sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə həbs olunduğunu bəyan ediblər.
Media Hüququ İnstitutu vurğulayır ki, şübhəli şəxslər müvəqqəti saxlama təcridxanalarında 48 saatdan artıq saxlanıla bilməzlər. Bu müddət ərzində onlar barəsində qətimkan tədbirinin seçilməsi və yaxud azad edilməsi məsələsi həll olunmalıdır. Noyabr ayının 23-də Ə.Əbilov barəsində həbs qərarı çıxarılsa da 3 gündən artıq qanunsuz olaraq təcridxanada saxlanılıb, onun durumu, vəkillə təmin olunub olunmaması barədə yaxınlarına bilgi verilməyib.
Media Hüququ İnstitutu vurğulayır ki, Ə.Əbilova qarşı irəli sürülən narkotik maddə ittihamının qurama olduğunu, onun həbsinin məhz sosial şəbəkələrdə paylaşdığı məzmunlardan qaynaqlandığını düşünməyə kifayət qədər əsaslar var. Ə.Əbilovun 5 gündən artıq qanunsuz DİN BMCMİ-də saxlanılması, saxlanıldıqdan bir neçə saat sonra idarəçisi olduğu səhifələrin qapadılması ittihamla bağlı şübhələri təsdiqləyir.
Media Hüququ İnstitutu vurğulayır ki, başqa şəxslərin hüquqlarina zərər vurmamaq şərti ilə hər kəsin hökumətin fəaliyyəti, yürütdüyü siyasətlə, atdığı addımlarla bağlı öz rəyini bildirmək, onu mədh etmək və ya qınamaq haqqı var. Hər kəsin ifadə və digər hüquq və azadlıqlarının təminatçısı olan hökumət bu müstəvidə baş verən olayları xüsusilə diqqətdə saxlamalı, mübahisələrin ədalətli araşdırılmasını, toplumun belə olaylarla bağlı operativ şəkildə doğru bilgiləndirilməsini təmin etməlidir.
Media Hüququ İnstitutu Əbdül Əbilovun həbsinin onun ifadə azadlığına qanunsuz müdaxilə təşkil etdiyini bildirir. MHİ Hökuməti sosial şəbəkə fəalının azad olunmasını təmin etməyə, Daxili İşlər Nazirliyini Ə.Əbilovun üzərinə əməliyyatçılar tərəfindən narkotik maddə “atılması” ilə bağlı onun yaxınlarının verdiyi açıqlamaları dərhal araşdırıb gərəkən hüquqi addımları atmağa, bu barədə ictimaiyyəti bilgiləndirməyə çağırır./musavat.com/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?