Son günlərdə "Bakıxanov" Ticarət Mərkəzi ilə bağlı qalmaqal daha da güclənməkdədir. Çünki "Razin tolkuckası" adı ilə tanınan bu yarmarkanın fəaliyyəti uzun illərdir həm aşağı, həm də yuxarı dairələrdə ciddi narahatlıq və narazılıq yaratmaqdadır. Həm satıcılar, həm də alıcılar bazarda normal şəraitin olmamasından həmişə gileyləniblər. Xüsusilə də dəfələrlə KİV-lərdə yazılmasına, yuxarı dairələrdə tənqid atəşinə tutulmasına baxmayaraq "Razin tolkuçkası" uzun illərdir antisanitariya vəziyyətindən qurtula bilmir. Üstəlik, son aylarda bu bazarda antisanitariya özünün kulminasiya nöqtəsinə çatdığından "tolkuçka" əsl xəstəlik mənbəyinə çevrilib və bu da həm orada çalışan satıcıların, həm də müştərilərin həyatlarını ciddi təhlükə altına qoyub. Amma "bazarkom" Hacı Fərhad Mirzə iradlara məhəl qoymur, tənqidlərdən nəticə çıxartmır. Bu da Sabunçu rayon İcnra Hakimiyyətinin və Respublika Gigiyena və Egidemiologiya Mərkəzinin Sabunçu rayon İşbəsinin rəhbərliyini ciddi narahat edir. Ona görə də sanitar-həkimlər "ölüm mənbəyi"nə çevrilmiş "Razin tolkuçkası"nın birdəfəlik ləğv edilməsini istəyirlər. Məlumata görə, Səhiyyə Nazirliyinin və digər aidiyyəti səhiyyə qurumları yaxın günlərdə təftiş komissiyası yaradaraq "Razin tolkuçkası"ndakı antisanitar vəziyyətlə bağlı yoxlama aparacaq, yekun rəy hazırlanacaq və bazarın bağlanması üçün Sabunçu rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər. Bundan başqa, bazarda durğunluğun hökm sürməsi, alverin tamamilə ölməsi də bazarı tam istifadəsiz bir obyektə çevirib. Bununla yanaşı, icarə üçün yer haqqının həddən artıq yüksək olması da alış-verişin tamamılə dayanmasına gətirib-çıxarmaqdadır. Dükanların icarə haqqı 250-800 manat arasında dəyişir. ki, bu da alveri "ölən" satıcıların tamam müflisləşməsinə səbəb olub. Üstəlik, bu bazarın qarşısında daim tıxacın olması da ciddi narahatlıq doğuran məsələdir. Qeyd edək ki, deyilən bazara bitişik bir neçə ticarət obyekti də tikilib ki, onların da Hacı Fərhada məxsus olduğu deyilir. Həmin ticarət mərkəzlərinə aid olan dükanların əksəriyyətinin qapısı magistral yola açılır. Bu da, demek olar ki, onzuz da ensiz olan yolu bir qədər də darlaşdırıb. "Tolkuçka" nın yanından keçən yolla əsasən Bakıxanov, Qaraçuxur qəsəbələrinə gedən avtobuslar hərəkət edir. Bazar ətrafında olan yolun dükanlar səbəbindən darlaşması və üstəlik də bazarda işləyən və ora al-ver etməyə gələn vətəndaşların yol kənarında saxladıqları avtomobillər hətta "pik" saatları olmayanda da tıxacın yaranmasına səbəb olur. Xüsusilə də sərnişindaşıma xidməti ilə məşğul olan avtobusların sürücüləri və sərnişinlər "Razin tolkuçkası"nın qarşısındakı süni tıxac əlindən dad-aman edirlər. Ona görə də sərnişinlər və sürücülər bazarın və onun qarşısındakı ticarət obyektlərinin sökülməsini tələb edirlər. Apardığımız araşdırmalara görə, "Razin tolkuçkası"nda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər sıfır səviyyədədir. Söhbət ondan gedir ki, dükanlarda və bazarın daxili ərazisində yanğın əleyhinə qutular və qurğular yoxdur. Üstəlik, bazarda darısqallıq olduğundan adi qısaqapanma ucbatından bütün bazarın yanaraq külə dönməsi istənilən anda mümkündür. Bundan əlavə, "Razin tolkuçkası"nın qarşısında daim tıxac olduğundan yanğınsöndürənlər briqadasının bazarın yanmasının qarşısını alması üçün profilaktiki tədbirlər görməsi müşkül məsələdir. Ona görə də "Razin tolkuşkası"nın tamamilə yanara külə dönəcəyini, satıcılara və dükan sahiblərinə külli miqdarda maddi ziyan dəyəcəyi hər an mümkünləşəcək. Onu da bildirək ki, yuxarıda sadalanan problemlərin həlli üçün bir çox dövlət qurumlarına çoxsaylı şikayət məktublarının, ərizələrin və müraciətlərin ünvanlanır. Hətta Nəqliyyat Nazirliyinə, "Bakı Şəhər Sərnişin Nəqliyyatı" MMC-yə, Bakı Şəhər İcra Hakimiyyətinə, Sabunçu rayon İcra Hakimiyyətinə, Bakı Şəhər Ticarət və Xidmət Departamentinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Respublika Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanan məktublarda əsas tələb isə "Razin tolkuçkası"nın birdəfəlik bağlanmasıdır. Onu da bildirək ki, Sabunçu rayon İcra Hakimiyyəti artıq öz mövqeyini ortaya qoyub. İcra Hakimiyyəti başçısının birinci müavini və Sabunçu rayon Fövqəladə Hallar Komissiyasının sədri Qəzənfər Həsənov deyir ki, Razin tolkuçkası"ndakı ticarət obyektlərinin tikintisi çox primitiv formada aparılıb və heç bir müasir tələbə, xüsusilə təhlükəsizlik tələbinə cavab vermir. Bu da təhlükəsizlik baxımından rayon icra hakimiyyətinin rəhbərliyini ciddi narahat edir. Çünki "Razin tolkuçkası"nda təhlükəsizlik baxımından vəziyyət daha acınacaqlıdır: "həmin bazar rayonda aparılan abadlıq işlərinin ümumi ansamblına xələl gətirir. Ona görə də ya bazar başqa yerə köçürülməlidir, ya da sökülüb yerində müasir tələblərə cavab verən yeni ticarət obyekti inşa edilməlidir". "Razin tolkuçkası"nın rəhbəri Hacı Fərhad Mirzə isə yaranmış təhlükəli vəziyyətdən qətiyyən narahat deyil. Onun iddiasına görə, bazarın sökülməsinə imkan verməməsi üçün Sabunçu RİH başçısının birinci müavini Qəzənfər Həsənova 300 min dollar pul verib. Bizimlə söhbətində "bazarkom"un dediklərindən belə çıxdı ki, o, satıcıların, alıcıların, sürücülərin və digər şəxslərin narazılıqlarına məhəl qoymur. Bazardakı antisanıtariya, tıxac və sair onun vecinə də deyil. Hacı Fərhadla söhbətimizdə onun bir maraqlı açıqlamasını da oxucuların diqqətinə çatdırmaq istəyirik. Hacı Fərhad deyir ki, "Mən Azərbaycan Respublikasının Prezidenti olsam, bəzilərini tutdurardım". Söhbət isə Sabunçu rayon İcra Hakimiyyətinin adını çəkmədiyimiz yüksək vəzifəli şəxslərindən gedir. "Razin tolkuçkası"nın sökülməsi barədə Sabunçu RİH-in rəsmi mövqeyinə Nəqliyyat Nazirliyinin, "Bakı Şəhər Sərnişin Nəqliyyatı" MMC-nin, Bakı Şəhər İcra Hakimiyyətinin, Sabunçu rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının mövqelərini nəvbəti yazımızda dərc edəcəyik. Şok məlumatlarla zəngin araşdırmamızı izləməyi unutmayın.
Sorğu
Yeni dizaynımız necədir?