Bu gün sosial şəbəkələrdə iki jurnalist - “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılla “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında söz “atışması” olub.
X.İsmayıl prezident İlham Əliyevin bir qrup baş redaktorla bugünkü görüşünə münasibət bildirərək o tədbirdə iştirak edənləri nədənsə qınayıb. Həmin görüşün iştirakçılarından olan R.Arifoğludan isə bu qınaq və iradlara cavab gəlib. Baş redaktor bu fikirlərini öz facebook profilində paylaşıb. Virtualaz.org saytı R.Arifoğlunun həmin statusunu olduğu kimi təqdim edir:
“Hörmətli Xədicə İsmayıl xanım öz profilində prezidentlə görüşdə iştirak edənləri “...bir qrup opportunist, yaltaq” adlandırıb. Yaxşı da eləyib.
Sonra da öz statusuna şərh yazaraq məni fərqləndirib, adımı da zikr edib. Bu cür: “Röya Rəfiyeva o gün təəccüblənibmiş Əflatun Amaşov “Yeni Müsavat”a gələndə. Gəlib Rauf Arifoğlunu İlham Əliyevin təltif olunmasına çəpik çalmağa dəvət edirmiş yəqin...”
Ona belə bir cavabım oldu - istərdim mənim dostlarım da oxusunlar: “Xədicə xanım, məni Amaşov dəvət etmədi bu tədbirə. Amaşov gələn gün bizim qəzetin qonşuluğunda redaktorların icra başçısı ilə görüşü vardı. Oradakıların hamısını qəzetə dəvət etdim, təkcə Amaşov gəlməyə ürək etdi. Bugünkü tədbirə isə dəvəti dünən Əli Həsənovdan aldım. Bir aydır telefonlarıma cavab verməyən hörmətli Əli Həsənov şəxsən zəng edərək məni dəvət etdi.
Mənim üçün bir fürsət idi, buraxmazdım. Getdim, sözümü də dedim. Prezident mükafat alanda isə əllərim məşğul idi, içəri keçirdiyim telefonla musavat.com üçün şəkil çəkirdim. Bu səbəbdən həmin anda əl çala bilməzdim. Mənə diqqət ayırıb adımı çəkdiyiniz üçün xüsusi təşəkkür edirəm”.
Sorğu
Yeni dizaynımız necədir?