gundemxeber.az İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən oğurlanan, daha sonra isə ölü tapılan Güney Azərbaycan Milli Azadlıq Hərəkatının tanınmış nümayəndəsi Nasir Xanzadə ilə bağlı olayın təfərrüatları açıqlanıb. “Oyannews” saytı xəbər verir ki, Nasir Xanzadə milli hərəkatın mətbuat və yayım üzrə nümayəndəsi kimi fəaliyyət göstərib. O, Azərbaycan Respublikasında çap olunan mədəni, tarixi və dilçiliklə bağlı kitabların Güney Azərbaycanda təkrar nəşri ilə məşğul olub. Noyabrın 28-də birdən-birə yoxa çıxan N.Xanzadənin ailəsi çox axtarışdan sonra onun izini ETTELAAT-ın Təbriz şöbəsində tapıb. Ancaq hərəkatçının ailəsi ilə görüşü günlər sonra, yəni dekabrın 7-ə təyin olunub. Lakin həmin gün hərəkatçının ailəsi görüş üçün gəldikdə, onlara Nasirin şöbədə olmadığı bildirilib və əlavə heç bir məlumat verilməyib. Qısa müddət sonra Nasir Xanzadənin cəsədi Təbrizin “Yekə dükan” məhəlləsində xaraba evin tavanından asılı vəziyyətdə tapılıb. Onun bədənində işgəncə izləri aydın görünüb. Nasir Xanzadənin yaxın dostlarından birinin sözlərinə görə, Nasir ölümündən bir neçə saat öncə onunla əlaqə yaradaraq şöbədən buraxıldığını bildirib. Hərəkatçılar onun şöbədən buraxıldıqdan sonra öldürüldüyü və olaya intihar görüntüsü verildiyi qənaətindədir. Hərəkatçının ailəsinə bu barədə mətbuata hər hanşı açıqlama vermək qadağan edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?