Prezident mediaya dövlət dəstəyi, Masallının ƏSMM direktoru isə jurnalistlərin bayramında “Gündəm-xəbər”i məhkəməyə verir
Akif Əliyev barəsindəki iddiaları təkzib etmək, rəy bildirmək əvəzinə redaksiyadan 50 min manat təzminat istəməklə varlanmaq eşqinə düşüb; məmurlar mətbuata təzyiqi artırır
“Gündəm-xəbər” qəzeti daha bir məmurun təzyiqi ilə üzləşib. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Masallıda direktoru olan Akif Əliyev qəzeti məhkəməyə verib.
ƏSMM direktoru “Masallını viran qoyan beşlər haqda şok iddialar” başlıqlı məqalədə barəsində çap olunan iddialarla bağlı heç bir açıqlama vermədən, barəsində səslənən fikirlərə qarşı tərəf olaraq münasibət bildirmədən məhkəmə çəkişməsinə üstünük verib.
A.Əliyev nə bir təkzib, nə bir rəy olmadan birbaşa iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Vergilər Nazirliyinin ardınca ƏSMM direktoru müstəqil mətbuata qarşı təzyiqə başlayıb.
Prezident İlham Əliyevin dostu olan bir mətbu orqanla düşmənçilik edən A.Əliyev kimi məmurlar unudur ki, onların mediaya qarşı bu şəkildə basqısı dövlətin mətbuatla münasibətlərinə xələl gətirən, kölgə salan hallardır.
Prezidentin mətbuata qayğısı, jurnalistlərin mənzillə təmin edilməsi, redaksiyalara dövlət büdcəsindən vəsait ayrılması mediaya dəstəyin nümunəsidir. Belə vaxtda isə Masallıda fəaliyyətindən dərc olunan A.Əliyev qəzeti məhkəməyə verib 50 min manat təzminat tələb edir. Heyrət, möcüzədir!!!
Deyəsən, A.Əliyev ya “Gündəm-xəbər”in çox varlı-karlı bir qəzet olduğu qənaətindədir, ya da qəzeti borc içində saxlayaraq müstəqil medianın bir nümunəsini iqtisadi cəhətdən çökdürmək arzusunda.
Halbuki, ƏSMM sədri redaksiyamızla sözügedən məqalənin çap olunmasından sonra telefonla əlaqə saxlaya yaxud da yazılı təkzib mətni göndərə bilərdi.
Onun fikirlərinə qəzetdə yer ayrılmasaydı, mövqeyi çap olunmasaydı, deyilənlərin özü tərəfindən təkzib edilərək yalan olduğu haqda sətirlər dərc olunmasaydı A.Əliyevin hüquqi müstəvidə öz haqlarını tələb etmək üçün əsas yarana bilərdi.
Ancaq ƏSMM rəhbəri məhkəmə müraciətində qeyd edib ki, qəzet onu korrupsionerlikdə ittiham edib. Hərçənd, həmin geniş məqalənin yalnız bir hissəsi ƏSMM sədrinə aid olan abzasda A.Əliyevin birbaşa korrupsioner məmur olduğuna dair ittihamlara rast gəlinmir.
Sadəcə, yazıda iddia olaraq bildirilib ki, dövlətin yardımını alanların 60-70 faizi Akif Əliyevin qohum-əqrabası, həmçinin Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdirinə rüşvət verərək dövlətin sosial yardımını alan imkanlı şəxslərdir.
Dövlət başçısının mətbuatın inkişafına verdiyi dəstək, jurnalistlər üçün mənzillərin tikilməsi, KİVDF tərəfindən maliyyələşmə, iqtidar və ya müxalifyönlü fərqi qoymadan eyni dərəcədə qayğı bəslənməsi məhz İ.Əliyevin mətbuatla bağlı siyasətinin konsepsiyasıdır.
ƏSMM direktoru isə prezidentə qarşı gedərək bir qəzeti əzmək yolunu tutur. O, 50 min manat təzminat tələbi ilə birdəfəlik varlanmaq niyyətindədir. Bununla da məmurlar Mətbuat Günü ərəfəsində jurnalistləri “mükafatlandırır”.
İyulun 22-də Mətbuat Günüdür. Masallının ƏSMM direktoru isə jurnalistlərin bayramında “Gündəm-xəbər”i məhkəməyə verir. Görünür, həmişə mətbuata açıq olan, medianın suallarını cavablandıran, tənqidlərə görə hər hansı təzyiqə əl atmayan nazir Səlim Müslümovun Masallıdakı kadrının bu addımından xəbəri yoxdur.
Hər halda həmin məqalə ilə tanış olan şəxs də təsdiqləyər ki, yazıdakı məqamlarda nə təhqir elementi var, nə də qərəzçilik.
“Gündəm-xəbər”in ƏSMM direktoruna qarşı heç bir qərəzi olmadığına görə onun məqalədəki iddialarla bağlı mövqeyini də çap etməyə hazır idi və yenə də hazırdır. Ancaq A.Əliyev məsələnin başqa üslubunu seçib və müstəqil qəzetə təzyiq etmək fikrinə düşüb.
Ümumiyyətlə, prezident İlham Əliyev jurnalistlərin dostu elan olunanda bəzi məmurlar mətbuata qarşı düşmənçiliyini davam etdirdilər. Ölkə başçısının mediaya maddi və mənəvi dəstəyi olduğu zamanlarda, KİV nümayəndələrinin mənzillə təmin olunduğu vaxtlarda yenə də ayrı-ayrı vəzifəlilər öz ayıblarına kor olmaq əvəzinə qələm əhlinə hücum xəttini seçdilər.
Bu gün də bəzi məmurlar haqda ifşaedici materialların dərc olunması, çinovniklərin əməllərinin faş edilməsi onları narahat etməyə bilmir. Bu halda çıxış yolunu mətbuata basqıda, jurnalistləri hədələməkdə, baş redaktorları təhdid etməkdə, məhkəmə ilə qorxutmaqda görürlər.
Bəzi məmurlar öz təzyiq rıçaqlarından istifadə edərək bir media orqanını çökdürmək üçün çırmanırlar. “Gündəm Xəbər” qəzeti çap mediasında öz müstəqilliyini qoruyub saxlayan qəzetlərdən biridir və bu günə kimi azad söz uğrunda mübarizədə ön cərgələrdə yer alıb.
Korrupsioner məmurların ifşası, onların vətəndaşlara qarşı etdiyi qanunsuzluqlar, dövlətin vəsaitlərini şəxsi maraqları naminə xərcləməsi faktları hər zaman bu qəzetin səhifələrində çap edilib.
Bunun nəticəsidir ki, “Gündəm Xəbər” qəzeti indiyə qədər məmurlar tərəfindən təzyiqlərə məruz qalır, prezidentin mediaya dəstək verdiyi halda vəzifəlilərin basqıları ilə qarşı-qarşıya qalır.
Qəzet hər zaman ictimai həyatımızda baş verən sosial-iqtisadi, siyasi yönümlü problemləri qabardıb, onların ictimailəşməsinə çalışıb.
Hətta dövlətçiliyə bu və ya digər şəkildə zərər vura biləcək xarici qüvvələrin məkrli planlarını da ifşa etmişik, onları cavabsız qoymamışıq. Çünki “Gündəm Xəbər” qəzetinin redaksiyasında çalışan hər bir əməkdaşda Azərbaycan sevgisi, torpağa bağlılıq var.
Ancaq dövlətimizi sevməyən, tənqidə dözməyən, hətta prezidentin yürütdüyü siyasətin əleyhinə belə mövqe nümayiş etdirən bəzi vəzifə sahibləri bu gün də “Gündəm-xəbər”dən əl çəkmirlər.
Ölkədə bu gün gedən son proseslər, iqtisadi hadisələr, eyni zamanda generalların həbsi, maliyyə xəyanəti, bəzi MTN məmurlarının dövlətə vurduğu zərbə, sahibkarlara edilən zülmlər, eks-nazir Eldar Mahmudovun ifşası fonunda bəzi məmurların hələ də mətbuata təzyiqləri anlaşılan deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?