Xəbər verdiyimiz kimi, dünən İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) 12 nəfərlə əməkdaşlığa xitam verilib.
Onların arasında İTV-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov da var.
T.Məmmədov açıqlamasında işdən azad olunmasının onun qərarı olmadığını, lakin qərarla razılaşdığını bildirib:
“Bildiyiniz kimi, bizimlə bağlanan müqavilənin vaxtı bitdi. Yeni müqavilə bağlanmasına isə ehtiyac görmədilər. Dünən 12 nəfər əməkdaşa bu barədə qərarı elan etdilər. Yeni müqavilə imzalanmamasını iş prinsiplərinə uyğun gəlməməyimizlə izah etdilər. Biz də qərarla razılaşdıq. Çünki hesab edirəm ki, insan çalışdığı vəzifədə faydalı olmalıdır. Üzərinə götürdüyü məsuliyyəti layiqincə yerinə yetirmək üçün isə şərait uyğun gəlməlidir. Bu şəraitdə işi davam etdirmək isə o deməkdir ki, əməkdaşlıq faydalı olmazdı”.
T.Məmmədov köhnə komandadan olan işçilərə indiyədək müşahidə edilən münasibətə də aydınlıq gətirib: “Keçmiş komandadan yalnız müəyyən hissə qalmışdı. Həmin əməkdaşlar, xüsusən rəhbər heyət bir neçə mərhələdə işdən uzaqlaşdırılmışdı.
Məncə, detallara getməyə ehtiyac yoxdur. Verilən qərar ortadadır. Hər şey sizin də bildiyiniz prinsiplərə uyğun həyata keçirilir”.
Planlarına gəlincə, T.Məmmədov “Harda olsam, indiyədək olduğu kimi, dövlətçiliyimizə xidmət göstərəcəm. Məhz harada olacağımı isə zaman göstərəcək”, deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?