Azərbaycanda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin və jurnalist İlhamiyyə Rzanın təşəbbüsü ilə “Qadınlara qarşı zorakılıqlara yox!” həftəliyi keçirilir. Qadın hüquqlarının müdafiəsi, cəmiyyətdə qadına qarşı hər hansı şiddətin qınanılması, aradan qaldırılması məqsədilə keçirilən bu kampaniyada ölkənin bir çox nüfuzlu, tanınmış xanımları iştirak edir. Həmin xanımlardan bir neçəsi, bu məsələdə ibrət alınacaq həyat hekayətlərini Lent.az-a təqdim ediblər. Həmin yazıları silsilə şəklində oxucularımıza təqdim edirik. Bununla yanaşı, Azərbaycan qadınlarından, başına gələn zorakılıqları qələmə ala bilən hər kəsi bu silsiləni davam etdirməyə, öz həyat hekayətlərini Lent.az-a təqdim etməyə çağırırıq...
Silsiləmizin üçüncü yazısı hazırda Almaniyada yaşayan şairə Nuridə Atəşinin həyat hekayəsidir.
***
Beş il, düz beş il ərimin təpikləri, qayınanamın söyüşləri və baldızımın qarğışları altında qul kimi əzildim, təhqir olundum, dözdüm. O vaxta qədər ki, gücləndim və ayağa qalxdım və bir gün sərt şillə kimi üzlərinə çırparaq, onları tərk etdim.
Ərim qapını üzümə bağlayıb, işə gedirdi. Həyətdə çıxıb hava almağa belə ixtiyarım yox idi. Pəncərə qarşısında oturub hönkür-hönkür ağlayırdım... Uşaqlarıma yeməyə belə çörək tapmırdım. Bir dəfə pəncərəni sındırıb qaçmağa cəhd etdim. Pəncərə yerdən çox hündürdə idi. Yıxıldım və ayağım burxuldu. Bəlkə yenə qaça bilərdim. Amma iki balaca körpəni qucağıma alıb qaçmağa gücüm çatmadı... Evin künc-bucağında quru çörək qırıntılarını yığıb, boyat çayın içinə tökür, (şəkər belə tapmırdım) acı göz yaşları içində balalarıma yedirirdim. Kimsə məni arayıb-axtarmırdı. Bakının uzaq kəndlərindən birində ürəyi arzularla dolu bir insan, bir günahsız ana, bir aciz, zavallı, kimsəsiz qadın əzablar, acılar, göz yaşları və zülmlər altında inildəyirdi. Bu, mən idim... Nuridə...
Hələ 1983-cü ildə ilk şeirlərim “Ədəbiyyat və İncəsənət” qəzetində dərc olunsa da sonralar bütün qapılar üzümə bağlandı. Şeirlərimdəki səmimi etiraflardan, saf duyğuların cəsarətli ifadələrindən qorxan hegemon erkək ədəbiyyat dünyası qolumdan tutub bir istedada əl uzatmaqdansa, məni çap eləməkdən imtina edərək: “Sən qadınsan, get ailə qur, uşaq sahibi ol, ərinə qulluq et” - deyə məni uzun müddət çıxa bilməyəcəyim dərin bir cəhalət quyusuna itələdi.
Evimin (daha doğrusu, məhbəsin) bir küncündə özüm üçün bir kiçik otaq düzəltmişdim. Yazmaq, yaratmaq üçün. Bir dəfə sonradan məşhurlaşmış gözəl bir şeirimi ərimə oxumaq üçün göstərərkən, şeiri əlimdən alıb gözlərimin qabağında parça-parça elədi. Vəhşi təpiklərlə, yumruqlarla hamilə qarnıma zərbələr endirməyə başladı. Üz-gözümün hayında deyildim, yalnız bütün gücümlə qarnıma dəyən təpiklərin qarşısını almağa çalışırdım ki, balama zərər dəyməsin. Otağıma girib masamın üstündəki bütün vərəqləri, yazdıqlarımı cırdı, masanı çevirdi, gözləri hədəqəsindən çıxaraq, “sən mənimsən, yalnız mənə məxsussan” deyə bağırtıları, nərələri divarları titrədirdi. Dözürdüm. Yollar axtarırdım. Amma bir kimsəm yox idi ki, üstünə gedim. Sahibsiz, çarəsiz, kimsəsiz və bir qəpik parası olmayan bir zavallı qızcığaz hələ üstəlik, iki südəmər körpə ilə kimin nəyinə lazım idi?
...Heç unutmayacağım bir axşam idi. 1993-cü ilin yeni il gecəsi. Masa arxasında əyləşmişdik. Ərim vodkadan vurur və ona xidmətimdən narazı halda mənə əmrlər verirdi: “döşək gətir, yastıq gətir, ayağımı ovxala...” Birdən televiziyada İlhamə Quliyeva “Neylərsən” mahnısını oxudu. Sonra Zaur Rzayev, Brilliant Dadaşova, Zöhrə Abdullayeva, Almaz Ələsgərova, bütün mahnıların sözləri mənim idi. Gizlincə məşhur bəstəkar Faiq Sücəddinova göndərmişdim. Yalnız o bilirdi mənim həyatımdakı çətinlikləri. Mahnılar ərimin murdar canına yağ kimi yayılırdı... Sakitcə soruşdum: “Sözləri necədir?” - Əla! Halal olsun bunu yazana. Ya Bəxtiyar Vahabzadədir ya da Nüsrət Kəsəmənli, - dedi.
...Nifrətlə gözlərinin içinə baxaraq ondan intiqam yollarını arayır, onu necə tərk edəcəyim üçün çarələr axtarırdım. O gecə özümə söz verdim ki, onu qoyub qaçacağam. Bir gün televiziyada eşitdim ki, teleteatrda canlı yayım olacaq və İlhamə Quliyeva ilin hit mahnısı olan “Neylərsən”i oxuyacaq. Televiziyaya zəng etdim. “Neylərsən”in müəllifi olduğumu və canlı yayına gəlmək istədiyimi bildirdim. Redaktor inanmadı və buna çox sevindi. Bu o gün idi ki, artıq sabahısı Berlinə biletim var idi. Oğlumu kəndə anama göndərmiş və yalvarmışdım ki, ən gec bir il saxlasın, bir gün gəlib aparacağam və mən bu məhbəsdən qurtarmalıyam, yoxsa o məni öldürəcək. Atam əzablarımı bilirdi və getməyimə icazə də verdi, yolpulu da. Ərimdən gizli viza çıxartmış, xarici pasport almışdım. Onun canavar pəncəsindən qurtarmaq üçün hansı yollarla, nə zülmlərlə bunlarla nail olduğumu “Gəl günaha bataq” kitabımdakı həyat hekayəmdə geniş yazmışam.
Bircə istəyim vardı. Mən ölkəmi həmişəlik tərk etmədən öncə xalqım məni tanısın. Və mənim kimi əzilən, təhqir olunan minlərlə əzab çəkən aciz, gücsüz qadınların yaddaşına yazılım. Verilişə qızımla getmişdim. Ağır xəstəliyə düçar olan qızımla. İlk dəfə verilişdə bütün xalqın sevimlisinə çevrilən gözəl mahnıların müəllifi olan Atəşi təxəllüsünü özünə qorxusundan götürən Nuridə olduğumu etiraf etdim və ərimin qorxusundan titrəyə-titrəyə gerçəkləri anlatdım. Ərim televiziyaya baxmaz deyə düşünmüşdüm. O gün dostları ilə vurmağa gedəcəkdi. Evə gəlib çamadanımı yığışdırıb, yatağa uzandım. Gecəyarısı birdən vəhşi bir əl üstümə uzanaraq, uzun saçlarımdan yapışdı. Məni yuxulu-yuxulu dartıb həyətə çıxartdı. Həyətin ortasında bir tonqal yanırdı. Bunlar mənim illər boyu gizlicə yazdığım şeirlər, tələbəlik şəkillərim, gizlətdiyim əlyazmalarım və gündəliklərim idi. Vəhşicəsinə məni döyməyə, təpikləməyə başladı. Ağız burnumun qanı bir-birinə qarışmışdı. Daha qarnımı tutmurdum. Ağlamırdım. Yalvarmırdım. Sadəcə, nifrətlə gözlərinin içinə baxırdım. Nifrətlə. 5 yaşlı qızım Ayan onun səsinə durub qapıya çıxmışdı, bu səhnəni qorxa-qorxa seyr edir, “Ata, anamı döymə, yazıqdır” - deyə ağlayırdı. Ərim sakitliyimdən, heç bir reaksiya verməməyimdən daha da qızışır, təpikləri qarnıma yağdırmaqdan ləzzət alırdı. Əynimdəki paltarları (Sabah Almaniyaya geyinəcəyim yeganə donumu) cırıb çıxarmışdı. Bunlar azmış kimi, qızımı yataq otağına salıb qapını bağladı, bağıra-bağıra məni soyundurdu və “sən mənim arvadımsan, mənə məxsussan, yalnız mənə!” – deyərək, vəhşicəsinə erkəkliyini, ərliyini mənə sübut etdirmək üçün ləzzətlə mənimlə oldu... Yenə susdum.
Cırılmış, qana bulaşmış paltarlarımı üstümə atıb yataq otağına keçdi və tez də xorultusu evi başına götürdü. Yenə sakitcə, ağlayıb sızlamadan üz-gözümün qanını yudum. Şişmiş yerlərimə buz qoydum. Aynanın arxasında gözlərimə dərindən sakit-sakit baxaraq, birdən-birə hiss etdim. Bu 5 illik həbsxana həyatımda mən nə qədər güclü olmuşam. Bir neçə saatdan sonra isə onun yanına keçdim. Barmaqlarımın ucunda yanında uzanmış qızımı sakitcə qucağıma aldım. Çamadanımı götürüb, həyətin arxa qapısında məni gözləyən taksiyə mindim. Hava limanına çatana qədər qorxumdan bir gözüm arxada qaldı. Bu, həyatımda keçirdiyim son qorxu hissi idi...
Mənim yaşadığım bütün bu acılar həm özümü güclü etdi, həm də onlarla, yüzlərlə mənim kimi əzilən, əzablar çəkən qadınlara güc, cəsarət və gələcəklərinə inam verdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?