Jurnalist Natiq Ədilova xəbərdarlıq bəzi kütləvi informasiya vasitələrində qeyd edildiyi kimi, tənqidi yazılarına və ya fikirlərinə görə deyil, sosial şəbəkələrdə və KİV-də yaydığı əxlaqa və etika normalarına sığmayan, həmçinin insanların heysiyyatına toxunan yazılarına və şəkillərə görə edilib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
E.Sultanov bildirib ki, qanun pozuntusundan çəkindirmək məqsədi ilə N.Ədilova edilən xəbərdarlıq tam qanun çərçivəsində həyata keçirilib.
Onun sözlərinə görə, hamılıqla qanunlara hörmətlə yanaşılmalıdır, o cümlədən N.Ədilov da bilməlidir ki, vətəndaşların şərəf və ləyaqətini alçaldan informasiyalar, təhqir xarakterli yazılar, pornoqrafik materiallar çap etdirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına qanun yol vermir və kütləvi informasiya azadlığından sui-istifadə yolverilməzdir.
Qeyd edək ki, "Azadlıq" qəzetinin müxbiri Natiq Ədilova sosial şəbəkələrdə yazdıqları ilə bağlı xəbərdarlıq edilib. Bakı şəhər Prokurorluğu Bakı şəhər Baş Polis İdarəsində yazılı xəbərdarlığı jurnalistin diqqətinə yetirib. Jurnalist xəbərdarlıqla tanış olsa da, onu imzalamaqdan boyun qaçırıb.
Prokurorluğun xəbərdarlığında qeyd edilir ki, Natiq Ədilov sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində "iqtisadi islahatların mahiyyətini və əsl gerçəkliyi əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər" səsləndirib və görüntülər yerləşdirib. Həmin yazı və görüntülərin, eyni zamanda pozuntuların nədən ibarət olduğu açıqlanmayıb.
Sorğu
Yeni dizaynımız necədir?