Həyat yoldaşına dəhşətli işgəncələr verməkdə və öldürməyə cəhd etməkdə təqsirləndirilən Mahmud Allahquluyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ailəm. az həmin cinayət işində zərərçəkmiş Gülnarə Nağıyevanın vəkili Zülfiyyə Bayramovaya istinadən hadisənin təfərrüatlarını təqdim edir.
“Ərim məni hamama aparıb soyundurdu ”
Həm ilkin istintaq, həm də məhkəmə zamanı ifadə verən Gülnarə Nağıyeva bildirib ki, Mahmud Allahquluyev onun həyat yoldaşıdır: “Mahmud narkotik vasitə istifadəçisi idi. Bundan əvvəl bir dəfə həbs olunub. Onun həbs olunmasına bir yerdə narkotik vasitə istifadə edərkən dostunun ölməsi səbəb olub. Mahmud narkotik vasitənin dozasının çoxluğundan ölən dostunu aparıb illər öncə vəfat etmiş atasının qəbrində basdırıb. 1 il 6 ay davam edən axtarışdan sonra hadisənin baş verməsi müəyyən edildi və Mahmud həbs olundu. Həbsdən çıxdıqdan sonra bizə əziyyət etməyə başladı. Mənə deyirdi ki, “cavan gəlinsən, yəqin mən həbsdə olanda kişilərlə görüşüb pul yığımısan. O pulların yerini mənə göstər”. 2010-cu il noyabrın 10-da yenə məndən pul istədi. Mən də pulum olmadığını dedim. Bu zaman boğazımda olan qızıl boyunbağını dartıb qopardı. Mən buna etiraz edəndə isə döyməyə başladı. Həmin hadisə nəticəsində hər iki diz qapaqlarım əzildi. Müxtəlif dərəcəli bədən xəsarətləri aldım. Noyabrın 23-də isə yenə mübahisəmiz düşdü. Bu zaman məni hamam otağına apararaq zorla soyundurdu. Sonra əl ayağımı bağlayaraq müqavimət göstərməyimin qarşısını aldı. Ayaq barmaqlarımı kəlbətinlə qırdı. Sonra isə sellofan kisəni yandıraraq bədənimə damcılatmağa başladı. Mən qışqırıb yalvarsam da, buna məhəl qoymadı. Səsimizə azyaşlı uşaqlarımız Səbinə və Məhəmməd gəldilər. Onların gözü qarşısında mənim cinsiyyət orqanıma boru keçirib qaynar su tökdü. Bu zaman qışqırmağımın qarşısını almaq üçün gödəkcəsi ilə başımı və ağzımı bağladı. Boynuma isə tez alışan məhlul tökərək kağız parçasını yandırıb üzərimə atdı və məni yandırdı. Bu zaman uşaqlarımızın səsinə gələn qohumlarımız məni xilas etdilər”.
“Eşitdim ki, arvadım yanır”
Mahmud Allahquluyev isə ona elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, hadisə baş verən günü çayxanada olduğunu bildirib: “Mənim baş vermiş hadisələrdən heç bir xəbərim yoxdur. Özümü təqsirli bilmirəm. Həmin gün mən çayxanada oturmuşdum. Bu zaman eşitdim ki, bizim evdə yanğın baş verib. Gülnarə hamamda yanır. Mən də hadisə yerinə getdim. Mən ona heç bir şey etməmişəm. Bütün bunlar yalandır ”.
“Atamızdan qorxuruq”
Məhkəmə zamanı ifadə verən 10 yaşlı Səbinə və 12 yaşlı Məhəmməd atalarının analarını döydüyünü, işgəncə verdiyini bildiriblər. Hətta məhkəmə prosesi zamanı uşaqlar atalarının həbsdən çıxıb onları öldürəcəyindən qorxduqlarını da deyiblər.
Məhkəmə hökmü
Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. 11 iyul 2013-cü ildə məhkəmə M. Allahquluyev barəsində hökmü elan edib. Həmin hökmə əsasən, M. Allahquluyev Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya xüsusi üsulla adam öldürməyə cəhd), 29,120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddələri ilə ittiham olunaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Lakin M. Allahquluyev hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Bakı Aplleyasiya Məhkəməsi isə şikayəti təmin etməyib. M. Allahquluyev həmin qərardan Ali Məhkəməyə şikayət edib. Ali Məhkəmə işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi iş üzrə qərarını bu ilin sentyabr ayında elan edib. Qərara əsasən, M. Allahquluyevin şikayəti qismən təmin edilib və onun cəzası yüngülləşdirib. Məhkəmə M. Allahquluyevin cəzasını 10 ilə endirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?