İcra başçısı Adil Vəliyev yolkənarı hasarların üzlənməsinin bütün xərcini Bakıxanov Çörək Zavodunun müdirini ayağına yazıb
Sabunçu rayonunda büdcə pullarının hansı şəkildə silindiyi və icra başçısı Adil Vəliyevin bütün ticarət obyektlərini ələ keçirdiyi barədə geniş məlumat vermişdik. JAM.AZ-ın əldə etdiyi yeni məlumatlarda isə icra başçısının büdcə pullarını silmək üçün istifadə vasitələr isə sözün həqiqi mənasında heyrət doğurucudur.
Qeyd edək ki, bu il ərzində Sabunçu rayonunda İcra Hakimiyyətinin sifarişi əsasında Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətində gedən yolun sol tərəfindəki mövcud hasarların yenidən qurulması və dekorativ-memarlıq üsulu ilə üzlənmə işlərinin satın alınması prosesi həyata keçirilib. Bu məqsədlə 548356 manat pul ayrılıb ki, işlərin də icrasını «VİP-Təmir-Tikinti» MMC-yə həvalə ediblər.
Bildirək ki, qeyd olunan ərazidə yolun kənarındakı hasarların üzlənməsi prosesi adıçəkilən MMC-yə həvalə edilsə də, ayrılmış pulun onlara verilmədiyi deyilir. Belə ki, həmin ərazidə yerləşən bütün obyektlərin sahiblərindən tələb olunub ki, hər biri öz obyektlərinin qarşısının daşlanması prosesini həyata keçirsinlər. İşin ən ağır tərəfi isə Bakıxanov Çörək Zavodunun üzərinə düşüb. Çünki icra başçısı zavod direktorundan tələb edib ki, qısa müddətdə üzləmə işlərini başa çatdırıb, ona hesabat verməlidir.
Amma Adil Vəliyev işini bununla bitirməyib. Və ardından yenə də eyni istiqamət üzrə yolun sol tərəfində yerləşən boş sahənin abadlaşdırılmamı işlərinə də 117680 manat ayırtdırıb. «Yuni Star» MMC tərəfindən görülən işlərin durumu isə ondan ibarətdir ki, həmin ərazi hasara alınıb. Orada nə iş görülür, nə də daş daş üstünə qoyulur.
Sabunçu icra başçısının ən gülməli əməliyyatı isə lövhə quraşdırılması ilə bağlıdır. Rəsmi məlumatlarda vurğulanır ki, Sabunçu qəsəbəsinin E.Mehdiyev küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətdə gedən yolun son tərəfində «Çiçəklənən Doğma Azərbaycan» Lövhəsinin tikilməsi üçün 117 700 manat pul ayrılıb. «Titan Qrup» MMC tərəfindən görülməli olan bui şin icrasının edilib, edilmədiyi də məlum deyil. Gülməli hal odur ki, bir lövhə üçün bu qədər pul ayırtdırmağı bacaran Adil Vəliyev niyə həmin vəsaitləri başqa işlərə sərf etmir? Məgər, Sabunçunun bütün problemləri düzəlmişdi ki, qalmışdı təkcə lövhə məsələsi?
Şübhəsiz ki, bu qədər pulların sərf olunmasının arxasında korrupsiya maraqları dayanır. Aydın məsələdir ki, bir lövhənin 117 min manata başa gəlməsi qeyri-mümkündür. Amma Sabunçuda bunu sənədləşdirənlər işin o biri tərəflərini fikirləşməyiblər. Görünür, icra başçısına 117 min manat pul lazım olub ki, bunu da lövhə vasitəsi ilə çıxarmaq istəyib.
Sorğu
Yeni dizaynımız necədir?