“Buna görə də Gülər xanım onu təhqir edir və aralarında münaqişə yaranır”
“Sabiq deputatın məhkəmə və istintaq dosyesindəki ilginc detallar ”Yeni Müsavat"da
Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsi sabiq deputat Gülər Əhmədova barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxardı. Artıq bu qərarla bağlı cəmiyyətin müxtəlif təbəqələrindən reaksiyalar gəldi.
“Yeni Müsavat” G.Əhmədovanın vəkili Əfsər Talıbovu həm məhkəmə və istintaqdakı pozuntular, həm də sabiq deputatın işində gözlənilən gəlişmələrlə bağlı danışdırdı.
(Əvvəli ötən sayımızda)
- Əfsər müəllim, baxanlar bilir və xatırlayır. Həmin videoda mandat, kiminsə deputat siyahısı, komissiya sədri təyin edilməsi ilə bağlı məqamlar vardı. Gülər Əhmədovanın dilindən “səndən pulu mən istəyirəm - Gülər Əhmədova” sözləri səslənir. Bütün bunlar montaj ola bilərmi?
- Elşad Abdullayev iddia edir ki, onda Gülər Əhmədova ilə bağlı 5 saatlıq videogörüntü var. Təəssüflər olsun ki, 1 il 2 ay keçməsinə baxmayaraq o, 30 dəqiqəlik videogörüntü yayınlayıb. Həmin 30 dəqiqəlik videogörüntüyə ekspertiza rəy verib və qeyd edib ki, təqdim edilmiş DVD orijinal deyil, göndərilmiş DVD notariat qaydada təsdiq olunmamış kserosurətdir, həmin DVD bir formatdan digər formata dəyişdirilmişdir, DVD - də texniki qüsurlar mövcuddur, sinxronluq itmişdir, kəsilmələr mövcuddur, cümlələr arası və sözlər arası məntiqi rabitə pozulmuşdur, akustik fon dəyişmiş, keçid siqnalları qeydə alınmışdır, videofonoqramın ilkin olmadığı qeyd edilmiş, videonun yazılış keyfiyyəti orta aşağıdır. Ekspertiza çəkilişin aparıldığı vaxtı, günü, ayı, fəsli, ili təyin edə bilməmişdir. Ekspertizanın qeyd etdiyi hallar və Elşad Abdullayevin sözçüsü Elnur Məcidli KİV-lərə verdiyi müsahibəsində qeyd edir ki, “video üzərində tamamlama işləri aparılır və sonra KİV-ə ötürülür”. Elşad Abdullayev Bakı Şəhər Prokurorluğuna göndərdiyi ərizəsində etiraf edir ki, onun tam versiya kimi göndərdiyi DVD-də pozuntular var. Məhkəmə istintaqı zamanı Gülər Əhmədova Azad Mursaliyevdən xahiş etdi ki, Elşada çatdırın ki, videonun əslini göndərsin. Siz də şahidsiniz ki, Azad əlini gözünün üstünə qoyub baş üstə dedi. Lakin o, sizə verdiyi müsahibəsində qeyd edir ki, “Videoda kəsik, çatışmazlıq varsa, bu sırf təhqiramiz ifadələrlə bağlıdır”. Azad Mursaliyevin bu ifadəsi ilə Gülər xanım da razıdır. Belə ki, videonun görünməyən hissəsində Elşad Abdullayev bir nəfərin ailəsini və onun atasını təhqir edir. Buna görə tərəflər arasında münaqişə yaranır və Gülər Əhmədova da Elşad Abdullayevi təhqir edir. Həmçinin videonun görünməyən hissəsində bir sıra tanınmış simalara şər və böhtan atılır. Bu da növbəti münaqişəyə və təhqiramiz ifadələrə gətirib çıxarır. Videonun uzun bir hissəsi Elşad Abdullayevin ABU-dakı qanunsuz əməlləri və fəaliyyəti ilə bağlı olub. Biz istintaqda da, məhkəmə istintaqında da tələb etdik ki, videonun orijinal variantı Elşad Abdullayevdən tələb edilsin, baxılsın və buna qiymət verilsin. Elşad Abdullayev nəinki bunu göndərdi, o nə istintaqa, nə də məhkəməyə gəlib ifadə vermədi. Siz bu yarımçıq, montaj olunmuş konteksdən sözləri çıxarılmış videoya baxmaqla düzgün rəyə gələ bilməzsiniz. Gülər Əhmədovanı sevən insan bir cür fikirləşir, onu sevməyənlər başqa cür. Hamının eyni cür düşünməsi üçün bu orijinal DVD ortaya qoyulmalıdır.
- Bəs kasetin surətində konkret sözlər var axı. Bayaq sadaladım onları... Bunlar necə montaj ola bilər?
- Xanım, kontekstdən çıxarılma məsələsi var. Montajla hər şey mümkündür. İndi elə dövrdür ki, texnikanın imkanları mümkünsüzü də mümkün edir. Axı rəydə də var ki, sinxronluq pozulub, kəsilmələr var. Biz bunu başqa necə izah edək ki, həqiqət anlaşılsın? Sən bunu niyə doğrayırsan axı? Elşad Abdullayev videonun əslini ortaya qoysun və onda hamının suallarına cavab tapılar. Kinodan bir-iki fraqment yaymaqla ona ümumi qiymət vermək mümkündürmü? Tam varianta televiziyaçılar “sıroy” material deyirlər. Bax biz o materialı istəyirik. Dediyimiz kimi, həm istintaq, həm də məhkəmə dövründə həmin videonu qəbul etməmişik. Ona görə də videonun tədqiqinə əhəmiyyət vermədik və tələb etdik ki, videonun əsli təqdim edilsin, bundan sonra videonun tədqiqində iştirak edə bilərik".
- Siz deyirsiz ki, istintaqda sübutlar olmayıb. İlkin baxışda həqiqətən də istintaqın səthi aparılması ilə bağlı təəssürat var, çünki prokurorluq ortaya ciddi dəlillər qoya bilməyib. Amma bu arqumentə qarşı çıxanlar da deyirlər ki, istintaqı qəsdən, Gülər Əhmədovaya 3 il cəza vermək üçün bu cür səthi aparıblar. Əks halda, onun cəzası çox böyük olmalıydı...
- Bu, kontr-arqument deyil. Həmin videogörüntüyə baxılıb, onun əsasında cinayət işi aparıblar. İstintaqın səthi aparılmasından söhbət gedə bilməz. Sadəcə istintaq sübut əldə edə bilməyib. Mən Gülər xanımın vəkili kimi düşünürəm ki, ona 3 il cəza verilməsi absurddur. Gülər Əhmədovanın əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməlidir.
- Məsələnin daha bir tərəfi də odur ki, Gülər Əhmədovanın ittiham olunduğu maddələr üzrə minimal cəza 7 ildir. Amma bu halda ona 3 il cəza verilib. Sual da odur ki, əgər bu, ağır cinayət deyilsə, bəs onda niyə bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır?
- Yox, o, ağır cinayət sayılır. Cinayət Məcəlləsinin 62-ci maddəsi var. Bu həm ittiham tərəfinin, həm də məhkəmənin səlahiyyətində olan maddədir. Orda yazılmır ki, CM-in 62-ci maddəsi hansı növ cinayətlərə tətbiq oluna bilər.
- Bəs, cəzanın minimal həddinin 7 il olması məsələsi?
- Bəli, Gülər xanıma Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilib ki, bu da 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Amma bu, ittihamın və məhkəmənin səlahiyyətindədir. Həm istintaq, həm məhkəmə orqanı Gülər xanımın əməlində ağırlaşdırıcı hal müəyyən etmədilər. Ancaq yüngülləşdirici hal müəyyənləşdirdilər. Bu yüngülləşdirici hal, eləcə də himayəsində azyaşlı uşaq olduğu üçün Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etdilər. Həmçinin Gülər xanımın barəsində olan hökmdə 3 səhifə həcmində onun ictimai-siyasi və pedaqoji fəaliyyəti ilə bağlı müsbət hallar göstərilmişdir. Gülər xanıma təyin olunmuş cəza barədə rəy verən hüquqşünaslar cinayət işindən xəbərdar deyillər. Bu, pasiyentini görməyib telefonla ona diaqnoz qoyan həkim məsləhətinə bənzəyir. Sübut nədir o işdə? Video, şahid ifadələri, SMS-lər, telefon zəngləri. Video gizli çəkiliş olduğu üçün qeyri-qanunidir, şahid ifadələri tam ziddiyyətlidir və Sevinc Babayevanın - yəni ölmüş adamın adından verilib. Qanunvericilik də onu sübut növü kimi götürməyə icazə vermir. Başqa şəxsin adından danışırlar. O da Azərbaycan Respublikası CPM-in 126.3-cü maddəsinin tələblərinə görə, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna biləcəyi halda cinayət işinin materiallarında həmin ifadələrin sübut növü kimi qəbul edilməsi barədə məhkəmə qərarı alınmamışdır. Şahid ifadələri ziddiyyətlidir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinin tələblərinə görə isə cinayət və cinayət-prosessual qanunlarını tətbiqində aradan qaldırılmamış şübhələr də təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır. Qanunda da göstərilir ki, bu cür ziddiyyətli ifadələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni adam öz ifadələrində fərqli danışırsa, bu, ziddiyyətdir. Bunu məhkəmədə də özünüz müşahidə etdiz.
Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsində də konkret göstərilib ki, kimsə kimisə aldadaraq, onun etibarından sui-istifadə etməklə onun əmlakına yiyə durur. Bu işdə də 3 nəfər var. Elşad Abdullayev dindirilməyib, bir ərizə göndərib. Həmin ərizədə bir məbləğ yazır, prezidentə müraciətində başqa bir məbləğ, AŞ PA-ya ərizəsində başqa məbləğ. Sən eyni adamsansa, pulu hər dəfə niyə fərqli məbləğ yazırsan? Prokurorluğa müraciətində 1 milyon, cənab Prezidentə müraciətində 2 milyon, AŞ PA-ya yazdığında isə 1 milyon 300 min dollar verdiyini iddia edir. Hətta KİV-lərdə 1 milyon 500 min dollar verdiyini də deyir. Bu məbləğin hansı düzdür? SMS-lər isə məhkəmədə tədqiq olunmadı, tərəfimizdən təqdim olunan SMS-lərə baxılmadı, telefon zəngləri isə heç bir məna kəsb etmir.
Keçək etibardan sui-istifadə məsələsinə. Elşad Abdullayev kürdəmirlidir, Gülər Əhmədova bakılı. Elşad Abdullayev BDU-nu bitirib, Gülər xanım APİ-ni. Elşad Abdullayev hüquqşünas, Gülər Əhmədova isə riyaziyyatçıdır. Elşad Abdullayev Binəqədi YAP-da təmsil olunub, Gülər xanım Yasamal YAP-ında. Bunlar heç vaxt birgə xaricə ezamiyyətə getməyiblər, hansısa tədbirdə birgə iştirak etməyiblər. Bəzi dövlət tədbirlərində İştirak edəndə də uzaqdan-uzağa, etika xatirinə salamlaşıblar. Onların arasında hər hansı qohumluq, dostluq, şərikli biznes əlaqələri də olmayıb. Bir-birinin evində, bağında olmayıblar, ailəvi tanış da deyillər. Mən soruşuram: belə olan halda Elşad Abdullayev niyə Gülər Əhmədovaya etibar etməli idi? Axı Elşad Abdullayev də deyir ki, mən həyatımda Gülər Əhmədovanı cəmi iki dəfə görmüşəm. İki dəfə gördüyün adama milyonla pul vermək olarmı?
Daha bir incə detal. Adam guya mandat söhbəti etdiyi hadisəni videoya çəkir. Orda sual verəydi ki, “Gülər xanım, siz özünüz nə qədər pul verib deputat seçilmisiz? Məndən başqa kimi deputat seçdirmisiz?” Mən bunu hüquqşünas kimi deyil, sadə vətəndaş kimi deyirəm. Məntiqlə bu qədər pul verən adam həmin detallarla da maraqlanmalıydı. Axı bu adam təcrübəsiz, həyatın gərdişindən başı çıxmayan adam deyil. Amma bütün baş verənlər sübut edir ki, bu video böyük bir oyunun tərkib hissəsidir. Ona görə də bizim haqqımız çatır deməyə ki, gətir videonun orijinalını ortaya qoy. Digər şəxslərlə bağlı videolarda da digər şəxslərdən vasitəçi kimi istifadə edib, oyun qurur, teatrlaşdırır, səhnələşdirir. Birində Rövşanə Əliyeva adlı qadın, o birində Sevinc Babayeva, Məmmədəli kişi və s. Kimə lazımdır axı bu oyunbazlıq?
P.S. Müsahibə zamanı əməkdaşımız istintaq materiallarındakı bəzi məqamlar, habelə S.Babayeva məsələsi ilə bağlı xeyli suallar ünvanladı. Ə.Talıbov məhkəmə hökmü ilə tam tanış olandan sonra bu suallara da aydınlıq gətirəcəyini dedi. Növbəti saylarımızda oxucular bu nüanslarla bağlı sual-cavablarla da tanış ola biləcəklər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?