“Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 1 saylı tikinti-quraşdırma idarəsində çalışan fəhlə Zakir Hüseynov idarənin baş mühasibi Behbudova könülsüz salam verdiyi üçün cəzalandırılıb”.
Bunu açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, son vaxtlar neft sektorunda rəhbər-işçi münasibətlərində narazılıqlar artıb: “Təşkilatımıza Zakir Hüseynovun şikayəti daxil olub. Şikayətçi idarənin həmkarlar təşkilatı tərəfindən onunla bağlı keçirilən iclasın protokolunu da təqdim edib”.
M.Qəhrəmanlı şirkətin tabeliyindəki idarə və müəssisələrdə yaradılan həmarlar təşkilatlarının işçilərin deyil, işəgötürənlərin hüquqlarının müdafiə etdiyini dedi: “Həmkarlar təşkilatı müstəqil qurumdur. Amma protokolun araşdırmasından görünür ki, təşkilatda idarənin vəzifəli şəxsləri toplanıb və təşkilat seçki orqanının səlahiyyətlərini həyata keçirir”.
Təşkilat rəhbəri şikayətçiyə töhmət verildiyini qeyd etdi: “Həmkarlar təşkilatının toplantısından əvvəl şikayətçiyə töhmət verilib. Lakin Zakir Hüseynov məhkəməyə müraciət etdiyi üçün töhməti geri götürüblər. Bundan sonra attestasiya keçiriblər. Hüseynov bunu da qanun çərçivəsində olmadığını söyləyib”.
Hüquq müdafiəçisi vurğuladı ki, neft sektorunda hüquqlarını bilən işçi sevilmir.
Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı ARDNŞ-in idarə və müəssisələrində yaradılan həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı monitorinq keçirəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?