Oktyabr ayında Nazirlər Kabinetinin tərkibini yenidən formalaşdıran prezident İlham Əliyev Kabinetə daxil olan 6 quruma indiyədək rəhbər təyin etməyib.
Söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Satınalmalar üzrə Dövlət Agentliyindən gedir. Nazirlər Kabinetinin yeni tərkibi formalaşanadək bu quruma rəhbər təyin olunmuş şəxslər (Məleykə Abbaszadə, Kamran İmanov, Bəhram Xəlilov, İnam Kərimov, Akim Bədəlov və İskəndər Çəndirli) vəzifələrindən çıxarılmayıblar, hazırda onlar səlahiyyətlərini müvəqqəti icra edirlər.
Maraqlıdır ki, sözügedən 6 qurumun adı Nazirlər Kabinetinin rəsmi internet səhifəsinin (www.cabmin.gov.az) “Nazirlər Kabinetinin strukturu” adlı bölməsindən silinib. Bu o deməkdirmi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Satınalmalar üzrə Dövlət Agentliyi Nazirlər Kabinetinin strukturundan çıxarılıb? Ümumiyyətlə bu qurumların başqa təşkilatların tabeliyinə verilməsi və ya tamamilə ləğv edilərək səlahiyyətlərinin ayrı-ayrı qurumlara ötürülməsi planı varmı?
Virtualaz.org bildirir ki, “Media forum” saytı məsələni aydınlaşdırmaq üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Azərbaycan hökumətinin sözçüsü yalnız bunu deyib: “Bilmirəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?