Vəkil Yalçın İmanov: “Pərvizə bildiriblər ki, o vəkillərdən imtina et, onsuz da onların sənə bir xeyri yoxdur” Bu gün Səbayel Rayon Məhkəməsində jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilərək MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı iddiaya baxılacaq. Proses 11:00-a təyin olunub. Bu haqda “Yeni Müsavat”a məlumat verən P.Həşimlinin vəkillərindən biri olan Yalçın İmanov bildirib ki, müvəkkili MTN tərəfindən təhdid olunur: “Pərvizə bildiriblər ki, o vəkillərdən imtina et, onsuz da onların sənə bir xeyri yoxdur, sənin vəkillərini məhkəmələrdə hakimlər də xoşlamırlar, onları burax getsin, biz sənə yaxşı bir vəkil verərik, işini düzüb-qoşar. Pərviz isə bu təklifdən imtina edib. Pərviz dekabrın 10-da günün birinci yarısında milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edərək, ailə üzvləri ilə görüş və telefon danışığına şərait yaradılmasını xahiş edib. Onun digər hüquqları kimi, “Həbsdə olan şəxslərin hüquq və azadlıqları haqda Qanun”da nəzərdə tutulmuş bu hüququ da təmin edilmir. Bundan başqa, abunə olmasına baxmayaraq, ona yalnız “Xalq Qəzeti” verilir. Abunə olduğu qəzetlərin verilməməsinə isə heç bir izah verilmir”.
Vəkil əlavə etdi ki, Pərviz Həşimlinin MTN-ə dəvət etdiyi deputatlardan cavab gözləyir: “Pərviz deyir məqsədim odur ki, həmin şəxslər də daxil olmaqla digər deputatların qəbul etdikləri qanunların icrasının hansı vəziyyətdə olduğunu öz gözləri ilə görsünlər. Onların cavabı isə Pərviz üçün xüsusi əhəmiyyətlidir, çünki Çingiz Qənizadə hüquq müdafiəçisidir, Rəbiyyət Aslanova parlamentin İnsan hüquqları komitəsinin sədridir, Azay Quliyev isə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədridir”.
Y.İmanov dedi ki, P.Həşimlinin cinayət işi ilə bağlı heç bir istintaq hərəkəti aparılmır: “Dekabr ayının 18-də Pərviz Həşimlinin həbsindən 3 ay keçir. Bu müddət ərzində heç bir istintaq hərəkəti aparılmasa da, müstəntiq deyib ki, prinsipcə mən istintaqı yekunlaşdırmışam və mənə nə vaxt desələr, o zaman rəsmən yekunlaşdıracağam”.
P.Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı - 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?