Tibb Mərkəzində xəstələrə saxta diaqnoz qoyulması və pasiyentlərə narkotik təsirə malik həblər verilməsi iddiası ilə nazirliyə çoxsaylı müraciətlər edilibmiş Noyabrın ortalarında Bakının məşhur klinikalarından olan “Nərgiz” Tibb Mərkəzinin fəaliyyəti dayandırılmışdı. Buna səbəb kimi rəsmi olaraq tibb mərkəzinin lisenziyasının vaxtının uzadılmaması göstərilirdi. Ancaq klinikanın lisenziyasının hansı səbəbdən uzadılmamasına dair sorğulara cavab verilmirdi. Heç şübhəsiz ki, Səhiyyə Nazirliyinin “Nərgiz”in lisenziyasını uzatmamasının ciddi səbəbləri vardı.
Çünki lisenziya səbəbindən fəaliyyəti dayandırılan tibb mərkəzində dərhal vergi yoxlamaları da başlamışdı, müəssisənin külli miqdarda vergidən yayındığı bildirilirdi. Ancaq bu məsələlər haqda heç bir informasiya verilmirdi. Yalnız belə bir məlumat dövriyyədə idi ki, adıçəkilən klinikada qanunsuz orqan transplantasiyası həyata keçirilib. Bu ittihamlara isə klinikanın baş həkimi Məlahət Qəhrəmanova “bizdə ümumiyyətlə heç bir cərrahiyyə əməliyyatı həyata keçirilmir, yalnız təbii vasitələrlə müalicə edirik” açıqlamasını vermişdi. Redaksiyamıza daxil olan məlumata görə, klinikanın bağlanmasının səbəblərindən biri də elə məhz “təbii müalicə”dir. Bu haqda az sonra.
Maraqlısı odur ki, tibb mərkəzi bir aydan çox işləmədi, tibb personalı isə dağılıb getmişdi, ancaq dekabrın 5-də klinikanın lisenziyasının müddəti uzadılıb, “Nərgiz” yenidən xəstə qəbuluna başlayıb. Klinikanın bağlanıb açılmasının gerçək səbəbləri barədə bizi bilgiləndirən qaynaq deyib ki, “Nərgiz”ə müayinə və müalicə üçün müraciət edən xeyli sayda xəstəyə yanlış diaqnoz qoyulub: “Xüsusilə demək olar ki, bütün xəstələrə böyrəklərində, öd kisəsində daş olduğuna dair yanlış diaqnozlar qoyulub. Başqa klinikalarda təkrar yoxlanan xəstələrə bəlli olub ki, onların böyrəklərində, öd kisəsində əslində problem yox imiş. Sadəcə, ”Nərgiz"də xəstələrə yalandan, məqsədli şəkildə həmin diaqnozu qoyub, təbii dərman vasitələri elan etdikləri həbləri, siropları satırlar. Xəstələrə deyilir ki, bu dərmanlar “Nərgiz”dən başqa heç yerdə yoxdur, əksər pasiyentlər də buna inanırlar. Vətəndaşları burada eyni zamanda qurd xəstəlikləri ilə bağlı da aldadırlar. Demək olar bütün xəstələrə öd kisəsində, bağırsaqlarında qurd olduğuna dair diaqnozlar qoyulur və yenə də yalnız “Nərgiz” klinikasının özünün hazırladığı, əslində mənşəyi, tərkibi dəqiq bilinməyən həblər, siroplar verilir. Eyni zamanda bu klinikada qadınları arıqlatmaq üçün çox qorxulu metodlar tətbiq olunur. Nəticədə qadınlarda hormonal pozuntular, maddələr mübadiləsinin pozulması halları baş verir və pasiyentlərdə şiddətli ağrılar olur. Bu şikayətlər olan zaman isə xəstələri faktiki olaraq keyləşdirmək, ağrılarını unutdurmaq üçün onlara tərkibində narkotik maddələr olan siporlar, həblər verilib. Bu halla üzləşən bir gənc xanım təxminən ay yarım öncə ağır duruma düşmüşdü və Səhiyyə Nazirliyinə şikayət etmişdi. Həmin vaxt məlum olmuşdu ki, “Nərgiz” klinikasında yanlış diaqnoz qoyulan onlarla vətəndaş nazirliyə və hüquq-mühafizə orqanlarına müraciət edib. Klinika ilə bağlı nazirliyə daxil olan bu faktları araşdırmaq üçün orada yoxlama aparılıb və şikayətlərin doğru olduğu öz təsdiqini tapıb. Bundan sonra faktiki olaraq xəstəxananın fəaliyyətinin dayandırılmasına qərar verilib. Ancaq sonradan klinikanın baş həkimi kimlərisə “gördü”, bundan sonra klinikanın fəaliyyətinin davam etdirilməsinə nail oldu".
Mənbəmiz qeyd edir ki, bu klinikanın fəaliyyətinə ciddi nəzarət olunmalıdır: “Xəstələri aldadıb dərman satmaq üçün onlara saxta diaqnozlar qoyulması və tərkibində narkotik vasitələr olan dərmanların xüsusi resept və həyati ehtiyac olmadan təyinatı cinayətdir. Dövlətin aidiyyəti qurumları buna ciddi yanaşmalıdır”.
Klinika haqda deyilənlərlə bağlı müəssisənin rəhbərliyi ilə danışmaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini işıqlandırmağa hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?