Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Azərbaycanın Rusiyadan yeni təhvil aldığı Qəbələ Radiolokasiya Stansiyasının (RLS) ərazisində mina və partlayıcı maddələrin təmizlənməsi əməliyyatlarına başlayacaq. Bunu APA-ya açıqlamasında ANAMA-nın direktoru Nazim İsmayılov deyib.
N. İsmayılovun sözlərinə görə, avqust ayında stansiyanın ətrafında minaların tapılması barədə xəbər əsasında baş nazirin birinci müavini Yaqub Eyyubovun tapşırığı ilə ANAMA-nın əməkdaşları tərəfindən əraziyə baxış keçirilib: «Hazırda stansiyanın ərazisi Daxili Qoşunların mühafizəsi altındadır. Orada əsgərlər 4 mina ilə rastlaşmışdılar. Bizim əməkdaşlar tərəfindən oradan daha 9 mina tapıldı».
ANAMA direktorunun sözlərinə görə, hökumət bununla bağlı vəsait ayırıb. Gələn ilin əvvəllərində, hava şəraiti yaxşılaşdıqda stansiyanın 220 hektarlıq ərazisində və binaların içində əməliyyatlara start veriləcək. Əməliyyatların 6-8 ay davam etməsi gözlənilir.
«Qəbələ RLS ilə bağlı xüsusi komissiya yaradılıb. Komissiyada müxtəlif qurumlar təmsil olunur. Orada minatəmizləmə ilə yanaşı, radioaktiv durum da öyrəniləcək», - deyə N. İsmayılov vurğulayıb.
Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlayıb. Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycanın stansiyanın icarə haqqını artırması ilə bağlı olub. Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb edib.
“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanıb. Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb, 2013-cü ilin yay aylarında isə stansiya tam olaraq Azərbaycan hökumətinə təhvil verilib. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?