Gənclər və İdman Nazirliyinin Qusar rayon şöbəsi Qusarda draytulinq üzrə çempionatın keçirilməsinə qadağa qoyub.
Bu açıqlamanı Azərbaycan Respublikası Alpinizm Federasiyasının sədri Şirxan Məmmədov verib. O, bununla bağlı Qusar Rayon İcra hakimiyyətindən razılıq aldıqlarına baxmayaraq, İdman və Gənclər Nazirliyinin Qusar şöbəsinin yarışların keçirilməsinə mane olduğunu bildirib: “Dünən biz bununla əlaqədar yerli icra hakimiyyət orqanları ilə görüşlər keçirmişdik. Bizə heç bir problemin olmadığını dedilər. Lakin Gənclər və İdman Nazirliyinin Qusar rayon şöbəsinin nümayəndəsi heç bir əsas gətirmədən bizə tədbir keçirməyə icazə vermədi. İndi də heç bir əsas gətirmədən yolu bağlayıblar. Tədbir keçirməyə qoymurlar”. Ş.Məmmədov nazirliyin bölgə üzrə nümayəndəliyinin qadağa ilə bağlı sonradan onlara dedikləri səbəblərin əsassız olduğunu qeyd edib: “Bizə deyirlər ki, əsasnaməniz təsdiq olunmayıb. Amma əsasnamə respublika yarışlarına aiddir. Bizdə isə daxili yarışlardır. Burada isə ancaq yerli icra orqanlarına tədbirin keçirilmə yeri haqqında məlumat verməlisən. Bu, həmişə belə olub. Sadəcə, bizə təzyiq göstərirlər ki, bu tədbirin keçirilməsinə mane olsunlar. Əvvəl bələdiyyə icazə vermirdi, indi də bunlar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?