“Artıq neçə illərdir Yeni il şənliklərinin şaxta babanın iştirakı ilə keçirilməsi ənənəvi bir hal almışdır. Lakin əslində dekabrın sonları miladi təqvimi ilə Həzrəti İsa peyğəmbərin doğum günüdür və bu gün xristian ölkələrində tamamilə əxlaqdan kənar və müqəddəs dəyərlərə zidd formada qeyd olunur.”
FaktXeber.com-un verdiyi məlumata görə, bu sözləri AİP-in sədr müavini Akif Heydərli, bu ilki Yeni il bayramının müqəddəs İslam Peyğəmbəri və İmam Həsən(ə)-ın vəfat gününə düşməsi ilə əlaqədar bayramın keçirilməsinin yolverilməz olduğuna dair keçirilən tədbirdə çıxış edərkən söyləyib. Akif Heydərlinin sözlərinə görə, Azərbaycan tarixində bir sıra bayramlar var idi ki, qeyri-milli, dini olduğu üçün sıradan çıxarıldı: “Buna misal olaraq 1 may Həmrəylik Bayramını göstərmək olardı. Ona görə sıradan çıxarıldı ki, bu bayram istismarçı rejimlərə və qüvvələrə qarşı idi. Lakin milli kimliyimiz və qadınlarımızla heç bir əlaqəsi olmayan 8 mart bayramının məşhurlaşdırılması günü-gündən artır. Halbuki islam dünyasına görə qadınlar bayramı Həzrəti Fatimə(s.ə)-nın mövlud gününə təsadüf edir. Miladi ilə, Hicri Qəməri təqvimi arasındakı 10 günlük fərq hər il islamın əlamətdar günlərinin müxtəlif vaxtlara düşməsinə səbəb olur. Necə ki, bir neçə il bundan öncə xalqımızın milli və dəyərli bayramı sayılan Novruz, məhərrəm günlərinə düşmüşdü. Bu il isə 31 dekabr dünya Azərbaycanlılarının Həmrəylik Günü və cəmiyyət tərəfindən mahiyyətinə varmadan qeyd olunan Yeni il bayramı əziz İslam Peyğəmbərinin və onun nəvəsi İmam Həsən(ə)-ın vəfatı, şəhadəti günlərinə təsadüf edir. Səfər ayının 28-i əhalisinin 90%-dən çoxu müsəlman olan Azərbaycan xalqının və 1 milyarddan çox dünya müsəlmanları ilə böyük bir bağlılığı var. Ona görə ki, bu gün də bütün ümmətin ən müqəddəs bildiyi bir şəxs dünyasını dəyişib.”
Akif bəy sonra hakimiyyəti bu ilki 31 dekabr tarixinə laqeyd yanaşmamaqla çağırış etdi: “Ümumilikdə biz şənlik keçirməyin əleyhinə deyilik. Lakin həmin gün əziz peyğəmbərimizin vəfatına təsadüf edirsə, müsəlman olaraq şənlik etməyimizə mənəvi gücümüz çatmamalıdır. Əgər yadınızdadırsa, 2010-cü ildə Səfər ayının 28-i fevral ayının 13-nə təsadüf etmişdi. Həmin dövrdə islam peyğəmbərinin və İmam Həsən(ə)-ın xatirəsini əziz tutmağa çalışan və Şəhidlər Xiyabanına ziyarət üçün yürüş edən AİP üzvləri polis tərəfindən döyülərək uzun müddətli həbsə atıldı. Hal-hazırda da həmin şəxslərin bir neçəsi hələ də həbsdədirlər. İsa peyğəmbərin doğum gününü bəhanə edərək eyş-işrətdən ibarət, heç bir milli ruhiyyəmizlə əlaqəsi olmayan 31 dekabrı “Şaxta Baba” bayramı kimi qeyd edənlərdən soruşmaq lazımdır ki, sizcə Həzrəti İsa(ə) sağ olsaydı bu islam peyğəmbərinin vəfatı dönəmində 31 dekabrı bayram kimi qeyd edərdimi? “
Sonda AİP-in sədr müavini 2013-cü ilin 31 dekabr tarixi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə müraciət edəcəklərini söylədi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?