Ağstafada Böyük-Kəsik Yanğından Mühafizə qatarının işçiləri narazılığa başlayıblar. Böyük Kəsik yanğından mühafizə qatarının sərxoş rəisi işçiləri bezdirib.
Qurumun 17 əməkdaşının ANS-ə ünvanladığı məktubda belə deyilir. Qatar rəisi Fikrət Niyazov bütün günü işdə spirtli içkidən içib sərxoş olandan sonra işçilərin ölüsündən tutmuş, dirisinə qədər nalayiq söyüşlərə qərq edir.
İşdən çıxan yanğınsöndürənlərin biri - Bəxtiyar Şükürov təhqirlərdən cana doyduğunu deyir. "Dəfələrlə təhqirə məruz qalmışam, içki içir, küçə söyüşləri söyür. Belə işə bu yaramır. Yararsız adamdır”.
Nalayiq hərəkətləri ilə yanaşı, işçilər qatar rəisi Fikrət Niyazovun onlardan qeyri-qanuni pul da yığdığını deyirlər.
İşçilər deyir ki, dəfələrlə Nəqliyyat Nazirliyinə, Dəmiryol İdarəsinə, rayon rəhbərliyinə, bir sözlə, bütün instansiyalara məktub ünvanlayıblar. Lakin faydası olmayıb. Məcbur qalan şikayətçilər bu cür təhqirləri sübuta yetirmək üçün qatar rəisinin iş yerində nahar vaxtı spirtli içki qəbul etdiyini telefonla lentə alıblar. Nəhayət, bu dəlil-sübutlardan sonra Baş İdarədən qrup gəlib. Amma onların gördüyü tədbir sadəcə qatar rəisini 3 aylıq məzuniyyətə göndərməkdən ibarət olub.
30 ilə yaxın iş təcrübəsi olan Elman Məmmədov deyir ki, qatar rəisinə qarşı narazılıqlarda onu günahlandırırlar. Elə bu səbəbdən də onu əmək intizamını pozmaqda günahlandıraraq işdən çıxarıblar. Hər halda, şikayətçi belə deyir.
Şikayətçini də narahat edən də budur ki, işçini cinayətə sövq edən işdə qalır, digərləri işdən çıxarılır. Şikayətçiləri dinlədikdən sonra nəhayət ki, mövzunun "qəhrəmanı" qatar rəisi Fikrət Niyazovun da fikrini öyrənməyə çalışdıq. Qatar rəisi bunun üçün bizdən üzr istəsə də, təqdim etdiyimiz iş vəsiqəmiz onu qaba hərəkətlərindən qətiyyən çəkindirmədi. Hər halda onun çəkiliş qrupunu itəliyərək qapını bərk-bərk bağlaması onun ünvanına deyilənlərin elə həqiqət olduğunu üzə çıxarırdı.
Qatar rəisi haqda eşitdiklərimiz və gördüklərimizlə bağlı suallarımızı Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinə ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov baş verənlərdə qatarın köhnə rəisi Elman Məmmədovu günahlandırır. Qurum rəsmisinin dediyinə görə, Elman Məmmədov işdə yol verdiyi nöqsanlara görə bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırlıb. İndi də təzə rəisə qara yaxmaqla məşğuldur. Bir sözlə, Dəmiryol İdarəsi təzə rəis Fikrət Niyazovun aydan arı, sudan duru olduğu fikrindədir. Ona görə də, bütün bu şikayətlərin müqabilində qurum qatar rəisinə sadəcə töhmət verməklə işini bitmiş hesab edir.
Bəs görəsən, adi bir töhmətin şiddəti iş yerində spirtli içki içən nalayiq söyüşlər söyən rəisi bu hərəkətlərindən çəkindirəcəkmi?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?