Səhiyyə Nazirliyi dövlət və özəl tibb müəssisələri arasındakı gizli sövdələşmə, daha doğrusu, özəl klinika soyğunçuluğunun qarşısını almaqda hələ də acizdir.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin dövlət xəstəxanalarında çalışan həkimlərin xəstələri müayinə olunmaq üçün özəl klinikalara göndərməsi ilə bağlı suala verdiyi cavabdan belə qənaətə gəlmək olar.
A.Qədirli həmin sualı belə cavablandırıb: “Bütün dövlət xəstəxanalarında müasir tipli laboratoriyalar var. Hətta bir neçə xəstəxanada referens laboratoriyalar da quraşdırılıb. Amma bəzən dövlət xəstəxanalarının həkimləri özəl klinikalarla sövdələşməyə gedirlər”.
Mətbuat xidmətinin rəhbəri virtualaz.org saytının əməkdaşı söhbəti zamanı xəstə və xəstə yaxınlarından mətbuat vasitəsilə kömək istəyib: “Səhiyyə Nazirliyi firma blanklarının ləğvinə nail oldu. İndi də bu məsələyə qarşı tədbirlər görür. Amma biz vətəndaşlardan da yardım gözləyirik. Baş verənlərlə bağlı nazirliyin “qaynar xətt”inə məlumat versinlər”.
A.Qədirli qeyd edib ki, gələn ildən bütün xəstəxanaların internet saytı olacaq: “Vətəndaşlar göstərilən xidmətlərdən bu saytlar vasitəsilə xəbərdar ola biləcəklər”.
Sorğu
Yeni dizaynımız necədir?