TV-də falçı, baxıcı və ekstrasenslərin görünməsi müəyyən adamlarda qıcıq doğurur. Tamaşaçıların bir qismi hesab edir ki, magiya ilə məşğul olan adamların ekspert qismində proqramlara dəvət olunmasını ziyanlı sayır.
Modern.az bu mövzuda üç tanınmış simadan rəy öyrənib.
Aydın Xan Əbilov (yazıçı-kulturoloq): “Ümumiyyətlə özünü vergili sayan insanlar cəmiyyət üçün həmişə maraqlı olub. O cəmiyyətlərdəki insanların intellektual səviyyəsi aşağıdır, əlbəttə, onlar bu təbəqədən olan şəxslərə daha çox inanırlar. Lakin təhsilli, savadlı cəmiyyət üçün bunu demək olmaz, çünki onlar alimlərin ikirləri önəmlidir. Təəssüf ki, Azərbaycanda son 20 ildə təhsilin səviyyəsi aşağı düşüb, insanların mütaliəyə marağı, dünyagörüşləri geniş olmadığına görə onlar falçılara meyl edirlər. Telekanallar da reklam, qazanc xətrinə məcburdurlar ki, evdar qadınlardan tutmuş, çayxanalarda nərd atan kişilərə qədər magiyayla maraqlanan, cürbəcür sirli və möcüzəli şeylə inanmaq istəyən və bununla öz zövqünü çürüdən insanların tələbatını ödəsinlər. Əlbəttə, telekanalları qınamaq olar, amma televiziyaların da başqa çıxış yolu yoxdur. Amma növbəti mərhələ qorxuludur, çünki insanlar indi peşəkarlara inanmır, hətta qulaqları ağrıyanda da falçı yanına qaçırlar. Düzdür, falçılar arasında eləsi var ki, dediyi real həyatda nə iləsə üst üstə düşə bilər, amma bu o demək deyil ki, cəmiyyət bütünlüklə onlara etibar etməlidir. XXI əsrdə mən bir yazıçı kimi xalqımın bu zəlil vəziyyətə düşməyindən utanıram”.
Azər Qəribov (ekstrasens): “İndiki çağda ekstrasens və ya falçıların üstünə bu qədər yüklənməni, üstünə gedilməsini heç cür anlamıram. Heç keçmişdə də bu sahənin adamlarına qıyqacı baxılsa da, onların xidmətindən istifadə edənlərin sayı az deyildi. TV-yə dəvət olunan bir çox adamlar, əsasən dünyəvi elmlərin təmsilçiləri bizi şarlatan, yaxud psixi xəstə adlandırsa da, özləri elmi izahı olmayan gerçəklərin şərhində aciz qalırlar. Üstəlik, əgər ekstrasenslər, falçılar və ya baxıcılar həqiqətən şizofrendirsə, onda onlara müraciət edən siyasətçi, deputat, biznesmen, müğənni və s. adamların psixikası da yerində deyil. Hər halda, məntiq belə deyir. Bir mühüm məsələdə budur ki, mənim, yaxud hansısa həmkarımın TV-yə dəvət olunmasında bəzən yanlışlıqlar olur. Ekstasens kimi mən də telekanaldakı hansısa verilişdə iştirak edə bilərəm. Amma bu, mövzudan asılıdır, yəni söhbət Yaxın Şərqdəki siyasi münaqişədən gedirsə, mənim orda nə işim var?!”
Elçin Əlibəyli (teleaparıcı): “Böyük Britaniya, Amerika televiziyalarında paranormal hadisələr kimi verilişlər həmişə izlənilən mövzular arasındadır. Ona görə də televiziya bu maraqları nəzərə alı, vaxtaşırı verilişlərdə bu cür mövzulara toxunur. Qərbdə, hətta Rusiyada bəzi verilişlər var ki, canlı yayımda ekstrasenslər əyləşir, insanlar onlara müraciət edir. Amma Azərbaycanda bu, bir azca cahillik kimi görünür, çünki ənənəvi metodlar var. Məsələn, qurd yağı və s. kimi şeylər. Özüm də fikirləşirəm ki, bu cəhalətdir, amma eyni zamanda zəkasına hörmət etdiyim insanlar var ki, ekstrasensliyi, cadunu, falı həqiqət sayır. Ona görə də buna yekdil qərar vermək çox çətindir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?