Azərbaycan teleməkanında tok-şou verilişləri ilə bağlı bir irad var. Tamaşaçıların bir qismi, habelə teletənqidçilər müxtəlif mövzularla bağlı verilişlərə dəvət edilən ekspertlərdən şikayətlənir. Onların fikrincə, bir çox ekspertlər maraq, yaxud şəxsi araşdırma dairələrində olmayan proqramlarda peyda olaraq rəy bildirirlər.
Modern.az-a bununla bağlı danışan telejurnalist Qulu Məhərrəmli qeyd edib ki, bu gün Azərbaycan televiziyası öz tamaşaçısını kütləvi şəkildə itirib. Tamaşaçının xeyli hissəsi yerli telekanallara baxmır. Bunun da əsas səbəbi televiziyaların cəmiyyəti doğru-dürüst ifadə edə bilməməsidir. “Xəbər proqramları tamaşaçının xəbər tələbatını ödəmir. Bu, çox ciddi nöqsandır. Televiziyanın ən çox çatışmayan cəhəti ictimai müzakirə proqramlarına yer verməməsidir. Tək-tük müzakirə proqramları olsa da, ismin adlıq halında olan müzakirələrdir ki, bunların da cəmiyyət üçün faydası yoxdur. Çox təəssüf ki, televiziyalar plüralsit deyil. 10 il əvvəl TV-lər çox kəskin mövzulara toxunurdu, tənqidi materiallar verir, auditoriyanı onların müzakirəsinə səfərbər edirdi. Bu gün TV peşəkarlıq baxımında geriləyib, formatlar xeyli məhdudlaşıb. Kriminal xəbərlərin ,şou proqramlar sayca artması televiziyaların qaranlıq obrazını yaradır. Ekspert ondan ötrüdür ki, haqqında danışılan problemlə məşğul olan adam olsun. Bizdə yanlış olaraq tərəf kimi çıxış edir. Ekspert o adam olmalıdır ki, o predmeti yaxşı bilir, həm də müzakirə olunan məsələylə bağlı heç bir şəxsi marağı yoxdur. Yəni o hadisıni, predimeti tamaşaçı üçün təhlil edir. Amma qəzet müxbirini də dəvət edirlər ki, bu ekspertdir. Əlbəttə, o, ekspert ola bilər, əgər mədəniyyət məsələni dərinliyinə qədər bilirsə, yaxud iqtisadi problemləri yaxşı bilirsə. İştirak xətrinə dəvət olunurlarsa, bu, yanlış yanaşmadır”.
Zeynal Məmmədli də gileylənir ki, dünya təcrübəsində əyləncə, məlumatlandırma, ictimai rəy formalaşdırmaqla bağlı tok-şoular ayrı-ayrıdır. “Azərbaycan bazarında bu çeşidlər olmadığı üçün hamı gedir əyləndirməyə, duyğu istismarına. Buna görə də bu cür vəziyyət yaranır. Bu gün televiziyaya sağılan inək kimi baxılır. Yəni ordan qazanım, amma ona heç nə yatırtmayım. Əgər ölkə şəffaf, kimin kim olduğu bəlli deyilsə, peşəkar və ya qeyri-peşəkarı ayırd etmək mümkün deyilsə, bu cür vəziyyət yaranacaq. Ayrıca ekspert yetişdirmək özü çətin məsələdir. Televiziya özünün ekspertini yaratmalıdır. Maddi durumla bağlı bununla nə internet portallar, nə də televiziyalar məşğul ola bilir. Bunların hamısı cəmiyyətin azadlığına dayanan məsələlərdir. Biz həmişə nəticələrlə çarpışırıq. Ona görə də televiziya irəliyə getmir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?