Xəbər verdiyimiz kimi, Bakının mərkəzində intihara cəhd olub. ikinci qrup əlil, 5 uşaq atası Zaur Həsənov üstünə benzin tökərək özünü yandırıb. Hal-hazırda aldığımız məlumata görə, zərərçəkmiş II qrup Qarabağ əlili Zaur Həsənovun vəziyyəti ağırdır.
Məsələ ilə əlaqədar, «Qarabağ Qaziləri» İctimai Birliyinin sədri Etimad Əsədova müraciət etdik. Etimad müəllim də, XeberLent.az informasiya agentliyinə bunları açıqladı:
“Bu hal həm Azərbaycan xalqına, həm də, bütövlükdə Qarabağ uğrunda vuruşub, yaralanan insanlara qarşı bir hörmətsizlikdir. İndi baxın, görün, məmur özbaşnalığı ölkədə nə səviyyədədir ki, 5 uşaq atası üstünə benzin tökərək özünü yandırır.
Bunu hamı bilir ki, vaxtı ilə eks-prezident Heydər Əliyev tərəfindən Zaur Həsənova dəniz kənarında torpaq sahəsi verilib. Sonralar həmin torpağı Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyev məhkəmə vasitəsi ilə haqqsız olaraq zərərçəkmişin əlindən alıb.
Neçə ildir Zaur hər yerə şikayət edir, ancaq nə fayda. Bu da Zaura qarşı edilən haqqsızlıqların son və acı nəticəsi. Ümüd edirik ki, bu məsələyə ölkə başçısı qarışıb məsələni həll edəcək. Biz, bununla əlaqədar, başda ölkə başçısı olmaqla, bütün lazımı orqanlara müraciət edəcəyik.”
Qeyd edək ki, Qarabağ əlili özünü yandırmazdan əvvəl bildirib ki, mülkiyyət hüquqları Həmkarlar İttifaqı tərəfindən ciddi şəkildə pozulub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?