Daxili İşlər Nazirliyi Bakıda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında baş verən insidentə aydınlıq gətirib. Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, həmin hadisə bəzi KİV tərəfindən şişirdilib və mahiyyəti təhrif olunmuş formada ictimaiyyətə təqdim edilib: “Belə ki, dekabrın 23-də “Sərhədçi” İdman Mərkəzində keçirilən çempionatda Azərbaycan vətəndaşı olan iki idmançı güləşərkən aralarında mübahisə yaranıb və onların azarkeşləri olan bir neçə şəxs də bu qısamüddətli mübahisəyə qoşulub. Yarışın təşkilatçılarının vaxtında müdaxiləsi ilə məsələnin böyüməsinin qarşısı alınıb, ara sakitləşib.
Tədbirdən sonra Bakı şəhər sakini, 16 yaşlı Şamil adlı gənc Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək “Sərhədçi” İdman Mərkəzində keçirilən yarışda mübahisə zəminində tanımadığı bir şəxsin bıçaqla ona çiyin nahiyəsindən xəsarət yetirdiyini bildirib. Polis əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Bakı şəhər sakini Vüqar Həziyev və Bərdə rayonunda yaşayan İbrahim Muxtarov tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hadisənin əsl mahiyyəti də bundan ibarətdir".
O. Mansurzadə həmçinin qeyd edib ki, həmin yarışlarda əcnəbi idmançılar iştirak etməyib: “Adından da göründüyü kimi bu, sərbəst və yunan-Roma güləşi üzrə respublika çempionatı olub. Mübahisə də məhz Azərbaycan vətəndaşları olan iki güləşçi arasında düşüb”.
Qeyd edək ki, bu gün bir sıra saytlar Bakıda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının bağlanış günündə-dekabrın 23-də azərbaycanlı və dağıstanlı idmançılar arasında kütləvi davanın baş verməsi, bu zaman soyuq silahdan istifadə edilməsi, Dağıstan vətəndaşlarının bıçaqlanması, tərəflər arasında xeyli sayda xəsarət alanlar barədə məlumatlar yayıb.
Sorğu
Yeni dizaynımız necədir?