Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin əmanətçilərinə fərdi birdəfəlik ödənişlərin həcmi 597,32 milyon manata çatıb.
Bunu Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Komissiyanın sədri Razim Vəliyev deyib.
Onun sözlərinə görə, ümumilikdə 1,62 milyon əmanət hesabı üzrə kompensasiya ödənilib: "Müraciət edən vətəndaşların böyük əksəriyyətinin - 95 faizinin müraciəti təmin edilib. Ödənişlərin təşkili prosesində komissiya üzvləri regionlarda və yerlərdə zəruri işlər aparıblar".
R.Vəliyev qeyd edib ki, komissiya ilkin mərhələdə müəyyənləşdirib ki, 2 milyondan bir az çox əmanət sahibi və ya varisi kompensasiyaya iddia edə bilər: "Qalan əmanətçilərə gəlincə, kompensasiyaların əldə edilməsi üzrə müvafiq müraciətlər daxil olmayıb. Bunun əsas səbəbi əmanətlərin həcminin olduqca az olmasıdır".
O deyib ki, komissiya yaradıldığı gündən etibarən 106 iclas keçirib: "Əmanət kitabçalarını itirmiş sahiblərə 108,18 min hesabı üzrə əvəzləyici sənədlərin verilməsi barədə qərar qəbul edilib". Komissiya sədri ödənişin verilməsi barədə müsbət qərarın olmasına baxmayaraq, kompensasiya almayan 1378 vətəndaşa müraciət edərək onlara çatmalı olan məbləği almağı xahiş edib. R.Vəliyev xatırladıb ki, ödənişlərin verilməsi cari ilin dekabr ayının 31-də başa çatır.
Sorğu
Yeni dizaynımız necədir?