Ekspert: “Bir sıra banklar ucuz kampaniya apararaq əhaliyə 12 faizdən artıq faizlə əmanət yerləşdirməyi təklif edirlər”
“Ölkədə kredit faizlərinin aşağı salınması üçün Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlər üzrə faizləri aşağı endirməlidir. Fond hazırda 30 min manatadək olan və 12 faizdən az divident verən əmanətləri sığortalayır. Bu isə bankların “12 faiz” ətrafında süni rəqabətin qurulmasına səbəb olur. Eyni zamanda, 12 faizlə əmanət cəlb edən banklar onu daha yüksək faizlə kredit formasında müştərilərə təklif edirlər. Sığortalanan əmanət faizlərinin yüksək olması bank kreditləri üzrə faiz dərəcələrini ağırlaşdıran əsas səbəblərdən biridir”. Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.
V. Bayramovun sözlərinə görə, bir sıra kommersiya banklarının hələ də ucuz kampaniya apararaq əhaliyə 12 faizdən artıq faizlə əmanət yerləşdirməyi təklif etmələridir. “Doğrudur, Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin 12 faizdən 8 faizə qədər endirilməsi istiqamətində qərar qəbul etməsi yüksək faizlə əmanət yerləşdirən kommersiya banklarında olan əmanətlərin qaytarılma riski artıra bilər. Amma fondun faiz endirimləri ilə bağlı qərarı həmin addımdan sonra banklara cəlb edilən əmanətlərə şamil edildiyindən bu ciddi problem yaratmayacaq. Eyni zamanda Mərkəzi Bankın kommersiya banklarına əmanətlər üzrə təklif etdikləri faiz dərəcələrini Əmanətlərin Sığortalanması Fondunun faiz dərəcəsinə uyğunlaşdırmalarını tövsiyə etməsi vacibdir. Çünki fondun müəyyənləşdirdiyi faiz dərəcəsindən yüksək faizlər təklif edən kommersiya bankları müflis olduğu halda oradakı əmanətləri qaytarmaq mümkün olmayacaq”.
İqtisadçı sığortalanan əmanətlər üzrə faiz dərəcələrinə dəyişiklik ediləcəyi ilə bağlı hələ bir müddət əvvəl təklif verdiyini xatırladır: “Monitorinqlər prosesin bu istiqamətə doğru getdiyini göstərir. Faizlər endirildikdən sonra daha çox əmanət cəlb etmək üçün kampaniya aparan kommersiya bankları öz faiz dərəcələrini fondun faiz dərəcələrinə uyğunlaşdırmazlarsa, həmin banklardakı əmanətlərin bir hissəsinin geri qaytarılma və ya batma riski artacaq. Beləliklə, Mərkəzi Bankın prosesə daha yaxından müdaxilə etməsinə ehtiyac yaranacaq”.
Sığortalanmayan əmanətlərin həcmində artımların davam etməsinin narahatlıq doğurduğunu söyləyən iqtisadçı alim bildirir ki, son məlumatlara görə, fiziki şəxslərin əmanətləri 1 050 milyon (28%) artaraq 4 782 milyona çatmış və ümumi depozitlərin (maliyyə sektoru istisna olmaqla) 61%-ni təşkil edib. Fiziki şəxslərin əmanətlərinin (4,8 milyard manat) 36%-ni (1,7 milyard manat) qorunmayan əmanətlər, 64%-ni (3,1 milyard manat) isə qorunan əmanətlər təşkil edib. Bu isə o deməkdir ki, banklarda yerləşdirilən hər 100 manatdan 36 manatı qorunmur.
V.Bayramovun fikrincə, əmanətlərin sığortalanması üzrə maksimum məbləğin artırılması prosesi ləngiyib: “Fondun məlumatına əsasən, qurum əmanətlərin sığortalanması dairəsinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Mərkəzi Şərqi Avropa ölkələrində hər il sığortalanan əmanətlərin maksimum məbləğina baxılır. Əgər Polşada 2008-ci ilədək 22 min 500 avroya qədər əmanət sığortalanırdısa, həmin ilin oktyabrında sığortalanan əmanətlərin məbləği 50 min avroya, 2009-cu ildə 100 min avroya qədər artırıldı. Elə ölkələr var ki, onlarda sığortalanan əmanətlərin məbləğinə maksimum məbləğ və ya limitlər müəyyən edilməyib. Məsələn, Sloveniyada əmanətlərin məbləğindən asılı olmayaraq bütün əmanətlər sığortalanır. Eyni zamanda sığortalanan əmanətlər tam olaraq geri qaytarılır. Eyni strategiyanı İrlandiya və Danimarkada da müşahidə etmək mümkündür”.
V.Bayramovun sözlərinə görə, sığortalanan əmanətlərin əhatə dairəsinin artırılması üçün bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi sığortalanan əmanətlərin məbləğinin 50 min manatadək artırılmasına ehtiyac var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?